28 Mart 2015 23:35
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşib.

"Report" xəbər verir ki, bu, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hər il keçirdiyi beynəlxalq tədbirdir.

“Yer saatı” təbiətə qayğıkeş münasibətin, planetimizin məhdud resurslarına qayğının rəmzidir. Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Hər il mart ayının son şənbə günü (bu il martın 28-də) saat 20:30-da milyonlarla insan bu aksiyada iştirak edir.

Həmin insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. “Yer saatı” zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür. Bu aksiya ilk dəfə 2007-ci ildə Sidneydə keçirilib. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, bu il “Yer saatı” aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak ediblər.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Bu il proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşıblar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılıb. Bundan başqa, “Critical Mass Baku” veloturu keçirilib, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak ediblər. Layihə saat 22:00-da başa çatıb.

“Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi əlaqələndiricisi IDEA (ətraf mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) İctimai Birliyidir.


Müəllif:

Oxşar xəbərlər