2 Aprel 2015 20:52
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Strasburq Universitetinin prezidenti Alain Beretzin rəhbərliyi ilə Fransa ali təhsil müəssisələrindən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) oldu.

Qonaqlarla görüşdə ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov başda olmaqla, prorektorlar, dekanlar, kafedra müdirləri iştirak etdilər. Fransa nümayəndələrinin təhsil müəssisəmizlə başlayan ilkin tanışlığı dəyirmi masa ətrafında oldu. Tədbiri ADNA rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov açdı. Professor təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə reallaşan belə görüşlərin böyük əhəmiyyətə malik olduğunu önə çəkərək, Fransa nümayəndələrini ADNA-da görməkdən məmnun olduğunu bildirdi. V.Qurbanov belə görüşlərin Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə proqramların həyata keçirilməsi imkanlarını genişləndirəcəyinə əminliyini ifadə etdi. O, qonaqlara Neft Akademiyasının təhsil sistemi ilə bağlı məlumat verərək, təhsil müəssisəmizdə yüksək səviyyəli ixtisaslı kadrların hazırlandığını vurğuladı.

V.Qurbanov ADNA-nın Asiyada və Avropada ilk neft təmayüllü ali məktəb olduğunu qeyd edərək, keçmiş SSRİ məkanında və hazırda Rusiyada olan bir çox neft təmayüllü məktəblərin Azərbaycan Dövlət Neft Akademiyasının bazisində qurulduğunu önə çəkdi. Eyni zamanda bir çox xarici ölkələrin təhsil müəssisələrilə ADNA-nın əlverişli partnyorluq etdiyini tədbir iştirakçılarına bildirdi. ADNA-nın 1998-ci ildən Avropanın Universitetlər Asossiasiyasının üzvü olduğunu diqqətə çəkən V.Qurbanov hazırda ADNA-da TEMPUS proqramı üzrə üç ixtisasda tələbə hazırlandığını və bu günlərdə Avropa Müstəqil Akkreditasiya Agentliyinin apardığı akkretitasiyanın nəticəsi olaraq alınan sertifikatların ADNA üçün şərəf doğuracağını vurğuladı.

Fransalı qonaqlar da öz təcrübələrindən danışdılar və bir sıra sahələr, o cümlədən geologiya, mühəndis menecment iqtisadiyyatı və sair sahələrdə əməkdaşlığı mümkün saydılar.

SEVİL


Müəllif: