ABŞ Dövlət Departamentinin dəstəyilə Birləşmiş Ştatların Marshal İrsi İnstitutu (MLİ) ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasındakı əməkdaşlıq çərçivəsində MLİ Azərbaycanda aparılan minatəmizləmə proqramına minaaxtaran itlərin hədiyyə edilməsi ilə töhfə verməkdədir.
ANAMA-nın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, 2005-ci ildən bu günədək MLİ agentliyə 29 minaaxtaran iti verib. Əlavə 9 itin ANAMA-ya verilməsi barədə razılığa əsasən agentliyin mütəxəssisləri TKT üzrə baş mütəxəssis Fikrət Əliyev və minaaxtaran itlər qrupunun (MİQ) rəhbəri Ramazan Heydərov bu günlərdə Əfqanistan İslam Respublikasına səfər ediblər. Nümayəndə heyəti Kabul şəhərindəki Mina İt Mərkəzində (Mine Dog Centre) olub, ANAMA–ya verilən 9 itin Azərbaycana gətirilməsi üçün lazımı tədbirlər görüblər.
Artıq ölkəmizə gətirilən itlər hazirda ANAMA-nın Fizuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzində saxlanılır. İtlərə ANAMA-nın MAİ qrupu qulluq göstərir.