Türkiyənin tanınmış media nümayəndələrinin qardaş Azərbaycana səfərinin faydalı nəticələri olacaq. Biz Bakıda keçirdiyimiz görüşlərdə Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi haqqında daha ətraflı məlumatlandırıldıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Qəzetçilər Federasiyasının təmsilçisi Yılmaz Karaca söyləyib. Y.Karaca media təmsilçilərinin Azərbaycana səfərinin məqsədinin ölkəmizlə yaxından tanış olmaq, daha çox məlumat toplamaq olduğunu bildirib. O, belə səfərlərin qarşılıqlı olaraq mütəmadi şəkildə həyata keçirilməsinin önəmini vurğulayıb, bunun bir-birimiz haqqında daha çox informasiya toplamağımıza və yaymağımıza, ölkələrimizlə bağlı reallıqların dünyaya çatdırılmasına, uğurlarımızın təbliğ edilməsinə imkan yaratdığını qeyd edib. O, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrini dünya ictimaiyyətinə çatdırmaq üçün birgə fəaliyyətin önəmli olduğunu vurğulayıb. Türkiyəli jurnalistlərin bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıb. Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə əlaqələrinin getdikcə daha da inkişaf etdiyini vurğulayan Y.Karaca hər zaman bir-birinin yanında olan ölkələrimizin birlikdə həyata keçirdiyi layihələrin önəmini qeyd edib. O, əlaqələrimizin möhkəmlənməsində media qurumlarının da mühüm rolunun olduğunu vurğulayıb.