Nübar meyvələrin mövsümü gəlib
Bazarlarda nübar meyvə və tərəvəz mövsümüdür. Alça, çiyələk, xiyar, pomidor, təzə kartof, soğan indi bazarlığın əsas məhsulları sayılır. Adətən, nübar məhsullar baha olsa da, bu il bu tendensiya nəzərə çarpmır. Satıcılar da təsdiq edir ki, təzə meyvə və tərəvəz ötən illə müqayisədə bu il ucuzdur.
8-ci mikrorayonda yerləşən meyvə-tərəvəz mağazasının satıcısı Rəşad Əliyev deyir ki, ötən il bu vaxt təzə kartof 2-3 manat idisə, bu il 1 manat 80 qəpikdən baha deyil.
Digər məhsullarda da ötən ilə nisbətən ucuzlaşma olduğunu deyən satıcı aprelin sonlarından etibarən kənd təsərrüfatı məhsullarının daha da ucuzlaşacağını bildirdi.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb.
Diri heyvan və heyvandarlıq məhsullarından yumurtanın 6,8 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 4,5 faiz, cavan camışların 1,0 faiz, təbii balın istehsalçı qiyməti 0,4 faiz bahalaşıb, quş ətinin (diri çəkidə) 0,7 faiz, diri qoyun və keçilərin 4,1 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 0,5 faiz ucuzlaşıb.
Təzə kartofun dəyəri
Satışdakı ayrı-ayrı məhsulların qiymətini öyrəndik. Kartof son ayların qiyməti sabit qalan məhsullardandır. Bazarlarda yerli məhsul 90 qəpik, 1 manata təklif olunur, ixrac məhsul isə bir qədər ucuz, 60-80 qəpiyədir.
Son günlər isə təzə məhsul satışa çıxarılıb. Təzə kartofun kilosu hazırda 1,50-1,80 manatadır. Satıcılar təzə kartofun paytaxta həm xaricdən - İran, Türkiyə, həm də yerli bölgələrdən gətirildiyini deyir.
Nübar tərəvəzlərdən olan lobyanın kilosu 5 manat 50 qəpiyədir. Zirə pomidoru 4 manat, xiyar isə 1 manat 50 qəpik - 3 manatadır.
Tərəvəzlərə gəlincə, badımcanın kilosu 2 manat, bibərin 3 ədədi 1 manatdır. Satıcılar nübar meyvə-tərəvəzlərinin satışının elə də yaxşı olmadığını deyirlər. Səbəb kimi alıcıların idxal olunan təzə məhsulların GMO ola biləcəyindən ehtiyatlanmaları ilə izah edirlər.
GMO-dan qorxmaq lazım deyil
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bildirir ki, bu məsələdə alıcıların tərəddüdünə gərək yoxdur: “Dünyanın əksər ölkələrində elm sürətlə inkişaf edir. ABŞ, Yaponiya, Kanada, İsrail, Çin, Avropa və digər ölkələrdə GMO məhsulları istehsal və istehlak olunur. Ənənəvi qaydada istehsal olunan məhsullar zəhərli kimyəvi maddələrin köməyi sayəsində mümkün olduğu üçün istehsal prosesi ekoloji problem yaratmaqla yanaşı əldə olunan məhsulların istehlakı da insan orqanizmində ciddi fəsadlar törədir.
Uzun müddət İsveçrə alimləri apardıqları tədqiqat nəticəsində belə qərara gəliblər ki, GMO ətraf mühit və sağlamlıq üçün heç bir təhlükə yaratmır.
Yaxşını pisdən ayırmaq o qədər də asan deyil, bunun üçün gərək maariflənək, bilgilərimizi artıraq. Yəni artıq təsdiq olunur ki, GMO ilə bağlı yaranan ajiotaj heç də hamının düşündüyü kimi təhlükəli deyil".
Bu faktdan sonra alça və çiyələk kimi mövsümündən bir qədər əvvəl satışa çıxarılan məhsulları da almağa həvəs yaranır. Mövsümün sevilən nemətlərinin qiymətinə gəlincə, bunları öyrəndik. Bir müddət əvvəl qış aylarında alçanın bir ədədinin 10 manat olduğu deyilsə də, indi ucuzlaşıb, kilosu 10-15 manata təklif olunur.
Satıcıların sözlərinə görə, kiloqramla alça alan tək hallarda olduğu üçün stəkanla satılır.
Çiyələyin kiloqramı isə 8-10 manatdan başlayır. Satışda əsasən Türkiyədən gətirilən və yerli istixanalarda becərilən çiyələkləridir. İki yüz qramlıq və daha artıq tutumlu qablarda satılan çiyələyi müxtəlif qiymətə almaq olar. Məsələn, iki manata satılan qablara iki yüz qram çiyələk yığılır.
Satışda bütün mövsümlərdə piştaxtaları bəzəyən manqo, avakado, ananas, banan kimi xaricdən gəlmə subtropik meyvələr var ki, onların Dubay və Argentinadan gətirildiyi deyilir. Braziliyadan isə portağal, qreypfrut gətirildiyi bildirilir.
Satışda yerli meyvələrimiz də var və bunu qiymətinə baxmaqla da müəyyən etmək olar. Belə ki, hazırda marketlərdə yerli almanın bir kilosu 1 manat 20 qəpik - 2 manat arasındadır. Armud 2 manat 50 qəpik, portağal isə 1 manat 50 qəpikdən başlayır.
Mövsüm ucuzlaşmasını gözləyək
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkə başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncam istehlakçı hüquqlarının təminatı, bolluq yaradılması baxımından vacib sənəddir.
Onun sözlərinə görə, bu və ya digər sənədlərdən irəli gələrək şişirdilmiş qiymətlərin qarşısını almaq mümkündür. Ekspert yazın gəlişi, təzə meyvə-tərəvəzin bazara daha çox çıxmasına görə qiymətlərin yaxın günlərdə daha da ucuzlaşacağını deyir.
Naibə Qurbanova