Millət vəkili Abel Məhərrəmov “Elm haqqında” qanundan danışdı
“Elm haqqında” qanunun layihəsi hazırlanarkən biz dövlət siyasətini və konstitusiyamızı rəhbər tutmuşuq. Yeni “Elm” qanununda bir çox yeniliklər nəzərdə tutulub”.
Teleqraf.com xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, Milli Məclisin Elm və Təhsil komissiyasının üzvü Abel Məhərrəmov “Region” TV-yə müsahibəsində “Elm haqqında” qəbul ediləcək yeni qanun layihəsi haqqında danışarkən bu fikirləri bildirib.
Millət vəkili qəbul edilməsi gözlənilən yeni qanunda ali məktəbə qəbul olunan gənclərin magistratura və doktorantura pilləsində də möhlət verilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Əvvəl oğlanlar yalnız bakalavr pilləsində olarkən onlara hərbi xidmətdən möhlət verilirdi, amma magistratura və doktorantura pilləsində oxuyanlara möhlət verilmirdi. Bu da təhsildə sistemli yanaşmaya ciddi şəkildə mənfi təsir göstərirdi. Yeni qanunda nəzərə alınıb ki, magistratura və doktorantura pilləsində təhsil alanlara da möhlət veriləcək”.
Abel Məhərrəmov yeni qanun layihəsində akademiya və universitetlərdə fəaliyyət göstərən elmi işçilərin statuslarının eyniləşdirilməsindən da danışıb: “Bilirsiniz ki, əksər təhsil müəssisələrində müəllim ştatları ilə yanaşı elmi işçi ştatları da var. Bakı Dövlət Universitetində 2 institut, 30-a qədər elmi-tədqiqat sektorları, laboratoriyalar fəaliyyət göstərir. Bu cür müəssisələrdə çalışan elmi işçilərin statusu akademiyanın elmi işçiləri ilə eyni statusda deyil. Elm haqqında köhnə qanunda bu elmi işçilər arasında diferensiasiya vardı. Yeni qanunda bu diferensasiya aradan qaldırılıb. Azərbaycanda 51 ali məktəbdə 1800-dən çox elmlər doktoru var. Akademiya ilə müqayisədə üstünlük ali məktəblərdədir. Bu qanun həm akademiyanın, həm də ali məktəblərin alimlərinin fəaliyyətini sintezini nəzərə alıb. Akademiyanın fəaliyyəti üçün ayrıca xüsusi bəndlər var, ali məktəblər üçün ayrıca bəndlər”.
Deputatın sözlərinə görə ”Elm” qanununda təhsillə elmin vəhdəti çox aydın şəkildə öz əksini tapıb: “İndiyə qədər alimlərin impakt-faktorlu jurnallarda dərc olunan elmi məqalələri o qədər də dəyərləndirilmirdi. Yeni qanunda bu əsərələrə görə xüsusi mükafatlandırılmalar da nəzərdə tutulub. Bundan başqa gənclərə elmi həvəsin oyadılması, güzəştli ipoteka xidmətləri, gənclərin xaricdə təhsil almasının dövlət tərəfindən maliyyələşdirilməsinin genişlənməsi, elm adamlarının əməkhaqlarının artırılması kimi məsələlər yeni qanunda əks olunub. Doktorantların maddi təminatlarıını yaxşılaşdırmaları üçün yarımştat işləmələri də qanunda nəzərdə tutulub”.
Akademik bildirib ki, ali məktəblərin statusunun dəyişilməsi, universitetlərin ilk növbədə elmi mərkəzə çevrilməsi, sonra təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi, ali məktəblərin reytinqinin artırılması də qanun layihəsində əks edilib: “Əminəm ki, elm qanunu elm və təhsilimizə öz töhfəsini verəcək”.
SEVİL