14 Aprel 2015 19:37
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə ilk Avropa Oyunlarının boks və güləş üzrə idman sınaq yarışları, müvafiq olaraq, Bakı Kristal Zalı və Heydər Əliyev adına İdman Arenasında təşkil ediləcək.

Oyunların Əməliyyat Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, boks üzrə Böyük İpək Yolu beynəlxalq turniri aprelin 15-dən 19-dək Bakı Kristal Zalında - Avropa Oyunları zamanı boks yarışlarının keçiriləcəyi məkanda təşkil olunacaq. Birinci Avropa Oyunlarının boks yarışlarını tribunadan 4000 tamaşaçı izləyə biləcək. Xatırladaq ki, bu məkan 2012-ci il "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edib.

Azərbaycan Boks Federasiyasının Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə birgə təşkil etdiyi beynəlxalq turnirdə kişilər 10, qadınlar isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar. Yarışda 14 komandadan 90 boksçunun iştirakı gözlənilir.

Azərbaycan Güləş Federasiyası Kuboku uğrunda yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləş növləri üzrə beynəlxalq çempionat 16-19 aprel tarixində təmir-bərpa işləri aparılmış Heydər Əliyev Arenasında baş tutacaq. Kubok Azərbaycan Güləş Federasiyası və Bakı-2015 tərəfindən hazırlanacaq və 4 yarış günü ərzində yarışacaq 400 nəfər idmançı üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən ay Bakı-2015-in sınaq yarışı olmuş gimnastika üzrə açıq Azərbaycan çempionatı uğurla keçirilmişdi. Avropa Oyunlarının innovativ müsabiqə formasında keçiriləcək boks və güləş yarışlarının da müvəffəqiyyətlə başa çatacağı gözlənilir.

Bakı-2015 Avropa Oyunlarının Əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru Gevin MakAlpayn bu barədə fikirlərini bölüşüb: "Sınaq yarışları bizim hazırlıq vəziyyətimiz və işçi heyətimizin Oyunlara hazırlığının qiymətləndirilməsi üçün mükəmməl imkandır. Yarışların yüksək səviyyədə təşkili Bakı-2015-lə bağlı Azərbaycan və bütün Avropa ictimaiyyətinin ümidlərinin doğrulmasına xidmət edəcək".

Bakı-2015-in İdman şöbəsinin direktoru Pirs O’Kallahan söyləyib: "Bu həftə ərzində Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi iki məkanın açılışı olacaq və tamaşaçılar iyun ayı ərzində onlar üçün təşkil ediləcək şəraitlə tanışlıq imkanı qazanacaqlar. Boks və güləş yarışları Olimpiya idman proqramının əsas sütunlarıdır. Buna görə də sınaq yarışları beynəlxalq səviyyəli tədbirə hazırlıq baxımından mükəmməl imkandır".

Sınaq yarışları üçün bilet almış tamaşaçılar biletlərinin üzərində göstərilmiş yarış günündə yarış məkanlarına gedən və qayıdan xüsusi avtobuslardan öz biletlərini təqdim edərək pulsuz istifadə etmək imkanı əldə edəcəklər. Bu fürsətdən tamaşaçılar eyni qaydada Oyunlar zamanı da yararlana biləcəklər.

Boks sınaq yarışı üçün nəzərdə tutulmuş avtobuslar 15-19 aprel tarixlərində saat 07:00-dan 01:00-dək, "28 May" metro stansiyası və Kristal Zalı arasında hərəkət edəcək. Güləş sınaq yarışı üçün nəzərdə tutulmuş avtobuslar isə 16-19 aprel tarixlərində saat 06:00-dan 00:00-dək "Nizami" metro stansiyası və Heydər Əliyev Arenası arasında hərəkət edəcək.


Müəllif:

Oxşar xəbərlər