21 Aprel 2015 01:25
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də Misirin İsgəndəriyyə kitabxanasında Beynəlxalq Nizami Gəncəvi mərkəzi tərəfindən Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş geniş konfrans təşkil olunub.

Azərbaycanın Misirdəki səfirliyindən APA-ya verilən məlumata görə, konfransda İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, İsgəndəriyyə kitabxanasının direktoru, Beynəlxalq Nizami Gəncəvi mərkəzinin rəhbəri İsmayıl Siracəddin, N.Gəncəvi Beynəlxalq mərkəzin üzvləri-Bolqarıstanın keçmiş prezidenti Dmitri Stoyanov, Kolumbiyanın keçmiş prezidenti Andres Pastrana, Ruminiyanın keçmiş prezidenti Emil Konstantinensko, Albaniyanın keçmiş prezidenti Rekxeb Meidani, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi İkmaləddin İhsanoğlu, Azərbaycan tərəfindən AR Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva, AR-ın Misirdəki səfiri Şahin Abdullayev, AR səfirliyinin əməkdaşları, N.Gəncəvi irsinin tədqiq edən misirli alimlər, ictimai siyasi xadimlər, Misir ictimaiyyətinin nümayəndələri və misirli tələbələr iştirak edib.

Toplantını giriş sözü ilə açan İsmayıl Siracəddin N.Gəncəvi yaradıcılığını geniş şəkildə təhlil edərək, onun əvəzsiz irsinin nəinki Azərbaycan xalqına, eyni zamanda bəşəriyyətə verdiyi xidmətlər barədə iştirakçılara geniş məlumat verib, onun şair, mütəfəkkir, filosof kimi fəaliyyətini ətraflı şəkildə işıqlandırıb.

Tədbirdə Şərqşünaslıq İnstitutunun direktoru G.Baxşəliyeva çıxış edərək, N.Gəncəvi yaradıcılığının ümumbəşəri dəyərlərindən danışıb, istər Azərbaycan, istərsə də Şərq və dünya ədəbiyyatına verdiyi töhfələrdən bəhs edib. Çıxışların sonunda İ. Siracəddin N.Gəncəvinin Azərbaycan Respublikası tərəfindən kitabxanaya təqdim olunan büstünün açılışını edib.

Tədbirin ikinci hissəsi N.Gəncəvinin irsi, yaradıcılığı ilə məşğul olan misirli alimlər-İsgəndəriyyə, Əl-Əzhər və Munufiyyə universitetlərinin alimlərinin çıxışları və geniş müzakirələrlə davam edib.

Beynəlxalq N.Gəncəvi mərkəzinin keçirdiyi hazırkı konfrans Misir Televiziyası və mətbuat orqanlarında geniş şəkildə işıqlandırılıb.


Müəllif: