Bu gün böyük sərkərdə general Ə.Şıxlinskinin Yasamal qəbirstanlığındakı məzarı önündə anma tədbiri keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin bir qrup zabiti, Şıxlinskilər nəslinin nümayəndələri və digər şəxslər iştirak edib.
General Ə.Şıxlinskinin xatirəsini yad etmək məqsədilə fəxri qarovul düzülərək onun məzarı önünə əklil və gül dəstələri qoyulub.
Sonra müdafiə nazirinin müavini general-leytenant K.Vəliyev çıxış edərək bildirib ki, tanınmış hərbi xadimin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İ.Əliyevın sərəncamına əsasən müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb.
Yubiley tədbirlərinin keçirilməsi fevral ayında generalın doğma yurdu Qazaxdan başlayıb. Görkəmli sərkərdənin dünya hərb nəzəriyyəsində - artilleriya elmindəki kəşfləri, XX əsr müharibələrində, cəbhələrdə qazandığı təcrübələrinə əsaslanaraq 1918-ci ildə müstəqil Azərbaycan Ordusunun yaranmasında və formalaşmasındakı fəaliyyəti xalqımızın yaddaşında həmişə qalacaq. Bu gün də onun hərb elminə - artilleriya elminə gətirdiyi yeniliklər, kəşflər xüsusi əhəmiyyəti baxımdan orduda tətbiq olunur. Generalın keçdiyi ömür yolu hər kəsə örnəkdir.
Şıxlinskilər nəslinin nümayəndəsi, əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxış edərək, sərəncamla bağlı, keçirilən təntənəli yubiley tədbirləri ilə əlaqədar ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını ifadə edib.
Sonda yekun yubiley tədbirinin sentyabr ayında Bakının erməni-bolşevik daşnak qüvvələrindən azad olunduğu gündə keçiriləcəyi diqqətə çatdırılıb.
BƏXTİYAR