26 Aprel 2015 10:09
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yekaterinburqda səfərdə olan Azərbaycan Milli Məclisinin deputatı, rus icmasının sədri Mixail Zabelin Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin sədri Lüdmila Babuşkina ilə görüşüb.

Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, görüş zamanı Sverdlovsk vilayəti ilə Azərbaycan arasında sıx əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb.

2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Urala səfəri əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayıb. Sverdlovsk vilayətində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 90 illik yubileyinin bayram edilməsi, Ural Federal Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması xalqlarımız arasında xeyirxah münasibətlərin və səmərəli əməkdaşlığın göstəricisidir.

L.Babuşkina Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulayaraq bildirib ki, qanunvericilik orqanları arasında da əlaqələr fəal inkişaf etdirilir. Mixail Zabelin Lüdmila Babuşkinaya Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun salamını və Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin nümayəndə heyəti ilə birlikdə Azərbaycana gəlmək təklifini çatdırıb.

Söhbət zamanı həmçinin Sverdlovsk vilayətində həyata keçirilən genişmiqyaslı beynəlxalq tədbirlərdə Azərbaycan tərəfinin iştirakı, parlamentlərarası əlaqələrin inkişafı məsələləri də müzakirə edilib. Lüdmila Babuşkina və Mixail Zabelin Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun əməyini yüksək qiymətləndirərək qeyd ediblər ki, konsulluğun işi Sverdlovsk vilayəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı iqtisadi və mədəni əlaqələrin inkişafına xeyli müsbət təsir göstərir.

Səfər zamanı M.Zabelin Sverdlovsk vilayət televiziyasının “Hadisələr. Aksent” proqramı üçün müsahibə verib. Söhbət zamanı iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan münasibətləri, faşizm üzərində Qələbənin 70 illiyinin Azərbaycanda bayram edilməsi və ölkəmizdə yaşayan rus icmasının vəziyyəti mövzularına toxunulub.

M.Zabelin Azərbaycan cəmiyyətində rusların rolu barədə aparıcının sualına cavabında deyib: “Mən rusam və mən parlamentin deputatıyam. Artıq məlumata ehtiyac varmı?” Aparıcı belə cavab verib: “Bu, çox şeydən xəbər verir”.Milli Məclisin deputatı Ural Federal Universitetinin nəzdində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində də olub, orada ali məktəbin rektoru A.Kokşarla görüşüb.

Yekaterinburqun Kitabxana Mərkəzində M.Zabelin Heydər Əliyev Fondunun dəstəyi ilə daimi fəaliyyət göstərən Azərbaycan stendi ilə tanış olub və kitabxanaya Azərbaycan tarixi və mədəniyyəti haqqında kitablar hədiyyə edib.

Azərbaycan Rus İcmasının sədri Yekaterinburqda dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə tarixçinin toplaşdığı beynəlxalq tarix konfransında iştirak edib. Fransa, Qazaxıstan, Türkmənistan və Serbiyadan olan mütəxəssislər öz fikirlərini bölüşüblər.

Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin çıxışında deyib: “Azərbaycan xalqı Böyük Vətən müharibəsində kimin qələbə çaldığını, bu Qələbədə Rusiyanın rolunun nədən ibarət olduğunu gözəl bilir. Bəzi ölkələrdə veteranlar arxa plana keçsə də, bizdə əksinə, veteranlara layiqincə hörmət vardır”.


Müəllif:

Oxşar xəbərlər