2 May 2015 11:43
2 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ovçuluq kişilərin zövq aldığı peşələrdən biridir. Ov edənlərin bir qismi bu məşğuliyyətə dolanışıq yeri, bəziləri də, sadəcə, hobbi kimi yanaşır...

Paytaxtda heyvan maketləri satılan bir mağazaya rast gəldik. Bir neçə gün sonra reportaj üçün həmin ünvana yollandıq. Məlum oldu ki, burdakı heyvanları öz ovçularımız vurub Avropada maketləşdirir.

İdmandan ovçuluğa...

Beləliklə Faiq Babanlı ilə söhbət etməli olduq. Faiq Babanlı 1977-ci ildə Qazax rayonunda anadan olub. Ali təhsil alıb, idmanla məşğul olub: "İqtisadiyyatla bağlı ali məktəb bitirsəm də, qaydasız döyüş və sərbəst güləşlə məşğul olmağa başladım. İdman mənim həyatımın, demək olar ki, bütün zamanımı alırdı. Gün ərzində 3 dəfə məşq edirdik ki, bayrağımızı yüksəklərə qaldıraq. Əlbəttə, bu, şərəfli işdir. Müəyyən nailiyyətlərə çatandan sonra düşündüm ki, idmandan uzaqlaşmalıyam. 30 yaşdan sonra idmanla məşğul olan adam əvvəlki nəticəni əldə edə bilmir. Beləcə, idman həyatını tərk etdim".

Həmsöhbətim deyir ki, ovçuluğa uşaq yaşlarından həvəs göstərib: "Mən kiçik yaşlarımdan təbiəti, heyvanları, ova çıxmağı sevirdim. Məktəbdə biologiyanı, zoologiyanı, təbiətə aid dərsləri daha maraqla oxuyurdum. İdmanı tərk etdikdən sonra özümə yeni fəaliyyət növü axtarırdım. Bir gün yaxınlarıma, doğmalarıma xəbər eləmədən dostumla Afrikaya ova getdim.

Orada öyrəndim ki, Afrika cəngəlliklərində, Amazon meşələrində ov edənlər üçün yazılmamış qanun var - şans sənə bir dəfə verilir, ya sən vurmalısan, ya da vəhşi yırtıcının qurbanı olacaqsan. Sərt qanunlar idmandan da var, buna görə öz şikarımı bir anda vurmağı bacarmağa çalışdım. Təbii ki, çox həyacanlı anlar keçirdim.

Meşədə bir vəhşi heyvanlarıydı, bir də biz ovçular. Elə ilk cəhddən ovum uğurlu alındı, zebr və antilop ovladım.

Ovda peşəkar silahlardan və xüsusi düzəldilmiş oxlardan istifadə edirəm. Mən vətənə çox bağlı olduğumdan ova getdiyim hər yerə Azərbaycan bayrağını sancıram".

"İki saniyə ərzində gülləni ata bilməsən, ov səni öldürür"

Faq Babanlı deyir ki, hazırda dünyanın müxtəlif yerlərinə ova gedir: "Müxtəlif cəngəlliklərdə şir, pələng, yaquar, canavar, timsah və digər vəhşi heyvanlar ovlayıram. Ova qanuni şəkildə gedirəm.

20-30 yaşı olan dağ keçilərini vurduğumuz olub. Bizə göstərirlər ki, filan sürüdə filan heyvanı vurmalısan, çünki o, artıq sürüyə lazım deyil. Əslində, ov etmək bacarığı insanın daxildən gəlməlidir. Ovçuluq insanı həm fiziki, həm də mənəvi cəhətdən möhkəmləndirir. Elə keçmişdə də evə qonaq gələndə hörmət əlaməti olaraq kişilər ov əyləncəsinə dəvət olunardı. Çünki ov mərdlik nümunəsi sayılarmış. Ovçuluq məsuliyyətli işdir.

Bəzən ovlamaq istədiyimiz heyvan üçün ət qoymuşuq, amma o, iki ay həmin əraziyə ayaq basmayıb. Məcbur qalıb, sonda ov üçün olan müxtəlif alətlərlə səslər çıxarıb, ovu əraziyə çağırmışıq. Çətin olsa da, sonda istədiyimiz heyvanı ovlamışıq.

Fikrimcə, artıq bu sahədə az da olsa, uğur əldə etmişəm. Ovda risk həmiş var. Məsələn, leapard ovu zamanı onu gecə gözləyirsən, çağırırsan, yolunda durursan, elə olur 10 metr kənarda o, səni tapıb hücum edə bilər... Hər şey saniyələrlə ölçülür, geciksən, parçalayar. Bütün bunlar riskli olsa da, insana zövq verir".

Hədəfi anakonda vurmaqdır

Həmsöhbətim deyir ki, müxtəlif ölkələrin cəngəlliklərindən ovlayıb heyvanları Avropada taksidermiya etdikdən (dərini maketləşdirdikdən) sonra Azərbaycana gətirir: "Onları diri görkəmdə "yığmaq" uzun zaman alır. Bəzən ustalar həmin ovun maketini dörd aya, bəzən iki ilə hazırlayırlar. Yəni vəhşi heyvanı ovlamaqla iş bitmir. Elə olur, heyvanın maketini "yığmaq" üçün usta paytaxtımıza gəlir".

Faiq Babanlı gələcək ov planlarından da danışdı: "Mənim indi bir hədəfim var: Cənubi Amerikaya anakonda dalınca getmək. Əslində, iki ildir Amazonda 14 metrlik anakonda axtardım, tapa bilmədim. İki ildən sonra, nəhayət, ümid edirəm bu il, inşallah, onu tapa biləcəm. Avqustda onu ovlayacam".

Faiq Babanlı deyir ki, Afrikaya, Cənubi Amerikaya, Tayqaya vəhşi heyvan ovuna getmək istəyənlər ona müraciət edə bilər.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər