Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məktəb-studiyasının VI sinif şagirdi Emil Hüseynov İspaniyanın Barselona şəhərində keçirilmiş “Dəniz, günəş, festival” adlı beynəlxalq festival-müsabiqədə birinci yerə layiq görülüb.
Məktəb-studiyadan AZƏRTAC-a bildirilib ki, violin nominasiyası üzrə 10-12 yaşlı musiqiçilər arasında çıxış etmiş Emil Hüseynov münsiflər heyətinin, dinləyicilərin və digər iştirakçıların rəğbətini qazanıb. Onun repertuarında G.F.Hendelin 2 nömrəli sonatası, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən Məhmənə Banu və vəzirin səhnəsindən musiqi parçası, proqramdan əlavə ifa etdiyi K.Debüssinin “Ağır vals”ı yer alıb. Münsiflər heyəti E.Hüseynovun repertuarının onun yaş qrupu üçün çox çətin olduğunu qeyd edib.
E.Hüseynov artıq 2016-cı ildə Berlində keçiriləcək beynəlxalq müsabiqəyə dəvət edilib. Gənc musiqiçi sevinc və həyəcan dolu anlarını xatırlayaraq deyib: “Diplomlar təqdim edilən zaman respublikamızın və paytaxtımızın adlarını eşidərkən çox sevindim. Çünki bizim ölkədən tək idim və uğurla qayıtmaq istəyirdim. Müsabiqədə Azərbaycanın bayrağının dalğalanmasından qürur duydum”.
Xatırladaq ki, bu qələbə E.Hüseynovun ilk uğuru deyil. O, 2013-cü ildə Bolqarıstanın Albena şəhərində “Orfeyin varisləri” adlı birinci beynəlxalq müsabiqədə I yerə çıxıb, Qara Qarayevin 95 illiyinə həsr olunmuş gənc musiqiçilərin ikinci respublika elmi-ifaçılıq müsabiqəsinin, habelə cari ildə “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” birinci respublika festivalının laureatı olub.