Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis olmaq istəyən gənclərlə görüşəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş mayın 30-da, saat 12:00-da Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı rayon polis şöbələrində baş tutacaq.
Məlumata görə, Ramil Usubov vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə Rayon Polis Şöbəsində sıra baxışı keçirəcək. Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 35 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.
Hacı Zeynalov