28 May 2015 00:03
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 97 il ötür.

1917-ci ildə Rusiyada baş verən “fevral inqilabı” nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. Nəticədə Azərbaycan müstəqilliyinə qovuşdu. Bu Azərbaycan dövlətçiliyinin ilk müstəqillik təcrübəsi idi.

Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamenmtli respublika və ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etdi.

1918-ci ilin 4 iyun tarixində Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub.

1918-ci il 9 noyabr tarixində M. Ə. Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

28 May – Respublika Günü 1990-cı ildən etibarən dövlət bayramı kimi qeyd edilir.


Müəllif:

Oxşar xəbərlər