25 İyun 2015 01:09
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, iyunun 25-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsinə və qəsəbədəki “Üzümçülük” yaşayış məntəqəsinə təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin, rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 754 abonenti olan Lənkəran rayonunun Nərimanabad qəsəbəsinə təbii qazın yenidən verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 28 min 214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 167 abonenti olan Lənkəran rayonunun “Üzümçülük” yaşayış məntəqəsinə də “mavi yanacağ”ın verilişi yenidən bərpa olunub. Bu məqsədlə ərazidə 8 min 528 metr uzunluqda müxtəlif diametrli metal boru, 901 metr uzunluqda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Təbii qaz verilən hər iki yaşayış məntəqəsində qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.

Mərasimdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıga görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: