Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də növbəti imtahanlar keçirib.
İmtahanlardan biri ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı, digəri tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı olub.
Həmin gün eyni zamanda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməyən şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanı da olub.
Qeyd olunan imtahanlar bütövlükdə ölkənin 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda, ümumilikdə, 64 imtahan mərkəzində təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
Bütün mərkəzlərdə şagirdlər (abituriyentlər) üçün normal imtahan şəraiti yaradılmış və proses təlimata uyğun aparılıb.
TQDK-dan verilən məlumata görə, bu gündən komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Sevil