13 İyul 2015 22:18
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı Yüksək Texnologiyalar Parkının (YTP) müasir standartlar səviyyəsində qurulmasına vaxt və böyük maliyyə vəsaitinin tələb olunması səbəbindən tikinti işləri dörd faza üzrə aparılacaq və parkın tam tikilməsi 5 ilə nəzərdə tutulub.

Pirallahı rayon İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, hazırda ərazi təmizlənir, oradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda 35 kilovoltluq yerüstü ötürücü xətlər yeraltı kabel xətləri ilə əvəz edilir.

YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.

Artıq “Yüksək Texnologiyalar Parkı”nın hasarının çəkilməsi başa çatdırılmaqdadır, ərazidə layihəyə uyğun inşaat işlərinə başlanılıb. Burada həmçinin Shouroom (nümayiş zalı) adlı ilk tikilinin inşası aparılır. Yaxın vaxtlarda digər obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və inkubator idarəetmə ofisinin də təməlqoyma mərasimi planlaşdırılır.

Hazırda YTP ərazisindən keçən yol gələcəkdə dəniz kənarına keçiriləcək və bu magistral xətt tamamilə Yüksək Texnologiyalar Parkına məxsus olacaq.


Müəllif:

Oxşar xəbərlər