"Azərbaycan və Ermənistan ilə münasibətlərdə diferensial yanaşmanın tətbiq olunmasına çağıran Ermənistan prezidenti əslində mövcud həqiqəti etiraf edir. Əlbəttə ki, işğalçı və təcavüzkar dövlət olan Ermənistan və işğala məruz qalan dövlət olan Azərbaycan arasında fərq qoyulmalıdır".
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Avropa İttifaqı Şurasının sədri Donald Tusk ilə keçirdiyi mətbuat konfransında söylədiklərini şərh edərkən bildirib.
XİN rəsmisinin sözlərinə görə, BMT nizamnaməsinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlardan kənar beynəlxalq hüquqi qiymət verilməli və Ermənistanın "cəzasızlıq" sindromuna son qoyulmalıdır: "Avropa İnsan hüquqları Məhkəməsinin "Çiraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində işğalçı dövlət kimi Ermənistanın məhz hüquqi məsuliyyətini müəyyən edən fundamental sənəddir.
100 ilə yaxın dövr ərzində Avropanın edə bilmədiyi birinci Avropa Oyunlarını uğurla təşkil edən Azərbaycan Olimpiya idealları və "Olimpiya barışığı" fəlsəfəsinin bütün Avropada, o cümlədən Cənubi Qafqazda təşviqinə əsaslı töhfə vermiş oldu. Avropa Oyunları ərəfəsi və dövründə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsi pozmaqda davam edən Ermənistan Olimpiya idealları və sivil dəyərlərdən tamamilə kanar olduğunu bir daha sübut etdi.
Sülh və barışıq rəmzi olan Ramazan bayramında belə, Ermənistan atəşkəsi pozmaqdan və hətta mülki şəxsləri, o cümlədən uşaqları hədəfə almaqdan çəkinmədi.
1999-cu ildə Ermənistan parlamentində törədilmiş siyasi terror və dövlət çevrilişi ilə hakimiyyətə gələn bu hərbi xunta və onun müasir davamı 2008-ci ildə saxta prezident seçkilərindən sonra dinc nümayişçiləri odlu silahdan atəşə tutdu və ilk növbədə Ermənistan vətəndaşları üçün böyük təhlükə olduğunu bir daha nümayiş etdirdi.
Ölkəni siyasi-iqtisadi və humanitar fəlakət həddinə çatdıran Ermənistanın kriminal hərbi diktatura rejimi cəbhə xəttində məsuliyyətsiz təxribatçı əməllər törətməklə, əslində diqqəti ölkədaxili ifrat narazılıqdan yayındırmağa və xalqı xof içərisində saxlamağa çalışır".
H.Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.