23 İyul 2015 22:54
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Xaçmaz rayonunun Manafoba kəndinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

İyulun 23-də kəndə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə, rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi, Xaçmaz rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Son altı ayda rayonun Qaraçaycek, Gödəkli və Aşağı Zeyid kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb. Bu ilin sonuna kimi daha 10 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək. Hazırda Çılğır, Qədimalıqışlaq, Qalağan və Hacıqurbanoba kəndlərinin “mavi yanacaq”la təminatı üçün işlər aparılır.

Manafoba kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumilikdə 3 min 40 metr polietilen və 11 min 100 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 146 abonent ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.

Mərasimdə çıxış edən kənd ağsaqqalları əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib.


Müəllif:

Oxşar xəbərlər