Xarici ölkə universitetlərində, eləcə də Naxçıvan Dövlət Universitetində ali təhsilini başa çatdırmamış və bu təhsilini Azərbaycan Tibb Universitetində davam etdirmək istəyənlər üçün avqustun 10-da imtahan keçiriləcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş tələbələrin müvafiq kurslar üzrə əldə etdikləri biliklərinin test üsulu ilə qiymətləndirilməsi məqsədi ilə yoxlama imtahanının keçirilməsi planlaşdırılır. Azərbaycan Tibb Universitetinin tədris proqramına müvafiq olaraq hər fənn blokunda 20 (iyirmi), cəmi 60 (altmış) test tapşırığının təqdim olunması nəzərdə tutulur.
Belə ki, I kursu bitirənlər üçün normal anatomiya (I və II semestrin materialları əsasında), tibbi biologiya və genetika, biofiziki və bioüzvi kimya, II kursu bitirənlər üçün normal anatomiya, normal fiziologiya, biokimya, III, IV və V kursu bitirənlər üçün patoloji anatomiya və patoloji fiziologiya, mikrobiologiya, biokimyadan imtahan verəcəklər.
Hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. 60 (altmış) mümkün baldan ən azı 30 (otuz) bal toplanması (fənnlər üzrə ən azı 6 (altı) bal) məqbul hesab olunur.
Sənədləri Səhiyyə Nazirliyində qəbul olunmuş tələbələr yoxlama imtahanında iştirak etmək üçün avqustun 3-ü saat 10:00-dan 8-I saat 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən TQDK-ya (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.