İndoneziyalı masajçı: “Biz insanlara müsbət enerji vermək məcburiyyətindəyik”
Paytaxtın müxtəlif yerlərində masaj salonları var. Hətta sosial şəbəkələrdə də masaj ustalarının elanları yayılır. Bir çox masaj salonları müqavilə əsasında xaricdən masajçı gətirirlər.
İndoneziyadan gəlib Naftalanda yerləşən “Garabağ Spa Hoteli”ndə çalışan 30 yaşlı Pasti Ni Ketut da belələrindəndir.
Qonaqpərvərdirlər, amma masaja maraq göstərmirlər
Pasti Ni Ketutla masajın sirləri və onun növləri barədə söhbətləşdik.
Deyir ki, masajı öyrənməkdə məqsədi insan bədənindəki problemlərin həllinə kömək etmək olub: “Mən İndoneziyada professional masaj öyrənmək üçün universitet bitirmişəm. Orada bizə mütəxəssislər, həkimlər dərs deyirdi. Mən öyrəndiyim masaj növlərini bacımın, yaxud rəfiqələrimin üzərində tətbiq edirdim.
Vaxt keçdikcə bu sənətə marağım daha da artdı. Çünki həm pul qazanırdım, həm də insanların səhhətinə müsbət təsir göstərən bir üsulla məşğul olurdum. İnsanlardan eşitdiyim təşəkkür məni bu işi daha da dərindən öyrənməyə vadar edirdi.
10 ildən artıqdır müxtəlif ölkələrdə müqavilələrlə masajçı işləyirəm. 1 il bundan öncə Naftalana gəldim. Burada insanlar qonaqpərvərdirlər. Amma masaja böyük maraq yoxdur, bizə az adam müraciət edir".
Həmsöhbətim deyir ki, masaj insan orqanizmini bütövlükdə və ayrı-ayı hissələrini müalicə edir : “Əl vasitəsilə onurğa, ayaqların bir çox nahiyələri masaj edilir. Məqsəd həmin nahiyədə ağrılar azaltmaq, qan dövranını qaydaya salmaqdır. Masajı kiçik və böyük həcmli aparatlar vasitəsilə də etmək mümkündür. Qarın nahiyəsi, onurğa, ayaq və qollar masaj edilir, nəticədə pozulmuş fizioloji proseslər bərpa olunur.
Mən qadın olsam da, masaja gələn insanların cinsinə fərq qoymuram. Yəni hər iki cinsin nümayəndəsini masaj edirəm. Hər kəsə öz pasiyentim kimi baxıram".
Müxtəlif ölkələr və masaja gələnlər
Hər gün səhər saat 8-dən axşam 9-a qədər çalışan Pasti Ni Ketut deyir ki, müştəri nə zaman gəlirsə, fasilə olsa belə heç kəsi geri qaytarmır: “Mən peşəmdən heç vaxt yorulmamışam. Zaman keçdikcə işimə öyrəşdiyim üçün hər ağırlığa dözürəm. Hələ ölkəmdə olanda, universiteti bitirib işə başlayanda çox az adama xidmət etməli olurdum. Daha sonra pasiyentlərim artmağa başladı. Eyni zamanda, idmanla məşğul olduğum üçün fiziki ağırlıqdan qorxmurdum.
Bir müddət sonra müqavilə bağlayıb masajçı kimi müxtəlif ölkələrə gedə biləcəyimi öyrəndim. Verilən pul məni qane edəndə imtina eləmədim. Öncə Rusiyada işlədim. Amma həmin ölkənin insanları içkili və aqressivdirlər. Sonra Meksikada, Türkiyədə çalışdım. Nəhayət, Azərbaycana gəldim".
Asan deyil
Həmsöhbətimiz deyir ki, masajçılıq asan peşə deyil: “Alimlərin araşdırmalarına görə, masaj edən insan yüksək kalori sərf edir. Dayanmadan fiziki güc tətbiq edirsən və hərəkətdə olursan. Belə ağır yükü daşımaq üçün mütləq bu sənəti sevmək lazımdır. Əgər insan peşəsini sevmirsə, həvəslə bu işi icra etmirsə, nə qədər artıq pul qazansa da həmin sənətdə qala bilməz.
Bundan əlavə, insanlara masaj etməklə yanaşı, onlara müsbət enerji vermək məcburiyyətindəyik. Əgər hər hansı müştəri mənim işimdən razı qalarsa, bu, mənim üçün böyük xoşbəxtlikdir. Bəzi insanlar masaj etməyi, sadəcə, insan bədənini əzmək kimi anlayır, halbuki bu, düzgün masaj deyil. Gördüyümüz işin əsas mayası pozitiv və məsuliyyətli davranmaqdır. Fikrimcə, masaj hər adamın işi deyil. Bu, ilk öncə səbr tələb edir".
Pasti Ni Ketut deyir ki, bu peşəni seçdiyinə heç vaxt peşman olmayıb: “Fərqli ölkələrdə masajçı işləmişəm. Düzdür, Azərbaycanda yalnız oteldə çalışıram, ancaq insanlar mehribandır. Türkiyədə masajçılara münasibət o qədər də müsbət deyil. Mən isə masajçı olduğuma görə heç vaxt utanmamışam. Amma Türkiyədə işləyəndə bəzi həmkarlarım masajçı olduğunu deməyə çəkinirdilər. Mən onları başa düşməkdə çətinlik çəkirdim. Çünki mənim ölkəmdə masajçı yanına insanlar səhhətlərindəki problemləri yoluna qoymaq üçün gəlirlər. Türkiyədə bu peşəyə fərqli yanaşanlar da vardı”.
Üsulları qarışıq salmaq olmaz
Həmsöhbətim deyir ki, onun da başına maraqlı hadisələr gəlib: “Qeyd etdiyim kimi, masajın müxtəlif yolları var. Məsələn, aromatik, bal, idman və başqa masaj növləri... Müştəri hansı masaj istəyirsə, onu da edirik. Bir gün müştərim idman masajı istədi. Təbii ki, bu növü əsasən idmançılar istəyirlər. Müştəridən soruşdum ki, hansı idman növü ilə məşğul olursunuz, bildirdi ki, cüdo və karate. Mən də ona uyğun masaj etdim. Bir də gördüm, pasiyetin vəziyyəti pisləşib. Su verdik, özünə gəlmədi, biz də həkim çağırmaq məcburiyyətində qaldıq. Məlum oldu ki, pasiyent heç bir idmanla məşğul olmayıb, sadəcə yalan danışıb. İdman masajını hər kəs qəbul edə bilməz, onun təmrinləri çətindir”.
Müsahibimiz sonda öz sağlamlığı üçün bu sənətə borclu olduğunu söylədi: “Mənim fikrimcə, insan nə qədər çox hərəkət edirsə, bir o qədər sağlam olur. Mən bu peşədə çalışmasaydım, qamətim indiki kimi gözəl olmazdı. Hazırda oteldə gələn gənclərə fikir verirəm, onlar öz bədən quruluşlarına diqqət etmirlər. Bu, gələcəkdə onların qüsurlu bədənlə yaşamalarına səbəb ola bilər.
Demək istədiyim odur ki, öz sağlamlığınıza fikir verin. Ölkənizdə peşəkar masajçılara tələbat var. Digər tərəfdən, insanlar vaxt ayırıb masaja getsinlər, nəticəni elə həmin gün görəcəklər".
İlhamə Əbülfət