29 May 2014 18:29
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşüb.

Mehriban Əliyeva qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək həm Azərbaycan dövlətinin, həm də Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd edib.

“Mənim üçün şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı səfiriyəm”, - deyən Azərbaycanın birinci xanımı əlaqələrimizin ildən-ilə daha da genişlənərək yüksək səviyyəyə çatdığını bildirib.

Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər ölkələrdə də UNESCO ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Mehriban Əliyeva əminliklə vurğulayıb ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək və yeni layihələr reallaşdırılacaq.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hao Pinq UNESCO-nun baş direktoru İrina Bokovanın və təşkilatın xüsusi elçisi, Çinin birinci xanımı Pen Liyuanın salamlarını Mehriban Əliyevaya çatdırıb.

Hao Pinq Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun UNESCO ilə birgə elm, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.

Qonaq ölkəmizin və paytaxt Bakının inkişafından məmnunluğunu vurğulayıb /Trend/.


Müəllif: