Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Xədicə İsmayılın vəkili Fariz Namazlı vəsatətlə çıxış edib. O, bəzi sübutların araşdırılması üçün məhkəmə istintaqının təzələnməsini istəyib. Vəkil bildirib ki, prokuror ittiham nitqi ilə çıxış edən zaman bəzi sübutlarda təhriflərə yol verib. Dövlət ittihamçısı Ramazan Hadıyev isə bildirib ki, müdafiə tərəfinin prokuroru faktları saxtalaşdırmaqda ittiham etməsi əsassızdır: "Bütün məsələlər protokolda öz əksini tapıb. Məhkəmənin bu mərhələsində vəsatətin verilməsi işin uzadılmasına, süründürməçiliyə xidmət edir. Vəsatət əsassızdır və təmin edilməsin".
Hakimlər vəsatəti təmin etməyib.
Daha sonra Xədicə İsmayılın vəkilləri Fəxrəddin Mehdiyev və Fariz Namazlı çıxış ediblər. Onlar Xədicə İsmayılın barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Müdafiə tərəfinə cavab verən dövlət ittihamçısı bildirib ki, ittiham nitqində söylədiyi faktları müdafiə tərəfi təkzib edə bilməyib: "Onlar ədəbiyyatda oxuduqlarını burada söyləməklə kifayətləndilər. Məhkəmə istintaqı tam obyektiv və hərtərəfli araşdırılıb".
Xədicə İsmayıl son söz demək üçün vaxt istəyib. Buna görə də məhkəmə avqustun 31-nə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Xədicə İsmayılın 9 il müddətinə azadlıqdan məhrum edilməsini, 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib.
Hacı Zeynalov