Sentyabrın 1-də Lider Televiziyasının 15 yaşı tamam olur... Məsələ təkcə bu telekanalın yaşının yuvarlaq rəqəmə çatmasında deyil. Ümumiyyətlə, Liderlə, onun iş prinsipləri və kadr personalı ilə yaxından tanış olmaq və bütün bunları oxuculara da çatdırmaq üçün telekanalın qapısını döyməyi qərara aldıq.
Qapı demişkən, elə girəcəkdə bizi mühafizəçilər qarşıladı, sorğu-suala tutub sonra Xəbərlər Departamentinə yola saldılar... Belə başladıq.
Departamentə daxil olanda içəridə qaçaqaç vardı. Əməkdaşların birindən nə baş verdiyini soruşduq, dedi ki, "Səda" informasiya buraxılışının efirə çıxmasına az vaxt qalır. Bizi isə iclas otağına dəvət etdilər.
Burada redaktorlar, prodüserlər, müxbirlər hazırlanan material barədə məlumat mübadiləsi edir, müzakirə aparırdılar. Toplantı bitdi, bundan sonra zamanı gözləmək qalırdı, "Səda"nın efirə veriləcəyi vaxtın tamamlanmasını...
Yuxarıda qeyd elədik, indi dəmidi, bir də xatırladaq: "Lider" TV 2000-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb.
"Görəsən, "Səda"da nə olacaq?"
Əvvəlcə Xəbərlər Departamentinin sədr müavini Günel Gözəlova ilə söhbətləşdik.
Günel Gözəlova deyir ki, televiziyanın yaranmasından 2 il sonra "Lider" ailəsinə qatılıb: "Hər gün Xəbərlər Departamentində hər səhər tezdən 5 dəqiqəlik iclas adı ilə azı yarım saat çəkən toplantımız olur. Müxbirlər informasiyaları bölüşürlər, hansı xəbər aktualdır deyə müzakirə aparırıq və sonda qərar veririk ki, bu gün efirdən tamaşaçılara hansı materialları çatdıracağıq.
Əslində, bizim günümüz səhər saat 6-dan başlayır. Çünki saat 9:00-da və 13:00-da "Səda"nın buraxılışları efirdə olur. 13:00-ın efir zamanı 2 saat yarımlıq xəbər buraxılışı veririk: "Səda", "Səda-dünya", "Ekonomiks", "Səda-idman" və hava proqnozu. Həmin xəbərləri də ayrı-ayrı aparıcılar çatdırır. Ölkədə və dünyada baş verən heç bir hadisəni gözdən qaçırmamağa çalışırıq.
Saat 17:00 "Bizim Səda"da tamaşaçı beynini informasiya ilə yükləməməyə cəhd edirik. Elə buraxılış hazırlayırıq ki, tamaşaçı auditoriyamızı gözləsin, görəsən, "Səda"da axşam nə olacaq? Özü də bu, bizim yox, tamaşaçıların sözüdür.
Tamaşaçılarla interaktiv münasibətdə maraqlıyıq. Buna görə əlaqə nömrələrimizi təqdim edir, tamaşaçı rəyi almağa çalışırıq. Bizə zəng vurur, fikirlərini bildirir, bəzi verilişlərimizin, reportajlarımızın təkrar verilməsini istəyirlər. Tamaşaçı sevgisini hiss eləmək böyük xoşbəxtlikdir. Departamentin "Səda" qrupu olaraq "Lider" TV-nin sütunuyuq.
Saat 19:00-da efirə hazırladığımız ana buraxılışımız xüsusilə seçilir. Bir saat ərzində siyası, sosial, iqtisadiyyat, idman xəbərləri verir, canlı bağlantılar qururuq. Nəhayət, günün sonunda, gecə saat 00:00-da "Səda 24" buraxılışı gəlir. Bu buraxılışda tamaşaçılara maraqlı olan bir mövzunu efirə dəvət etdiyimiz qonaqla müzakirə edirik".
Tamaşaçısı ilə ədalı danışan aparıcı...
Həmsöhbətimizi deyir ki, "Lider" televiziyası fəaliyyətə başladığı gün kanalın xeyir-duasını Ümummilli lider Heydər Əliyev verib: "Bizim telekanal heç vaxt başqa televiziyalara nəinki oxşamadı, buna çalışmadı da. Belə bir təkrarsız xəttin nəticəsidir ki, "Lider"də çalışanlardan millət vəkili də var, nüfuzlu qurumlarda mətbuat katibləri də, yüksək vəzifə sahibləri də... Bu, artıq insanları bizim haqqımızda danışmağa sövq edir".
Günel Gözəlova gənc tele-jurnalistlərin təcrübə toplamasından və yetkin kadr kimi yetişdirilməsindən də söz açdı: "Biz "Lider"ə gəlib təcrübə keçmək istəyən gənclərə həvəslə şərait yaradırıq. Mənim otağımda CV-lər var. Onları rəhbərimiz özü qəbul edir və təcrübəsi olan, yaxud praktikası olmayıb bizdə öyrənmək istəyinə düşən ümidverici gənclərə şərait yaradılır. "Lider" TV-nin binasında tədris məktəbi var, orada heç bir ödəniş olmadan təcrübə keçmək istəyənlərə kömək edilir".
Müsahibimiz deyir ki, zaman-zaman ali məktəbin jurnalistika fakültəsini bitirməsə də, professional jurnalist kimi yetişən gənclərə də rast gəlir: "Heç vaxt düşündüyümü gizlətməmişəm... Əvvəllər deyirdim ki, iqtisadiyyat fakültəsini, müəllimliyi və digər ixtisasları oxumuş birisi nədən jurnalist işləməlidir? Ancaq gördüm ki, ürəyi jurnalistika ilə döyünən, yaradıcılığa meyli olan, gündəlik informasiyalarla yaşayan və həmin məlumatları özgələri ilə bölüşmək həvəsi ilə alışıb-yanan hər kəs jurnalist ola bilər.
Bəzən elə insanlar qapımızı döyür ki, məhz aparıcı olmaq istəyir. Biz jurnalistliyi bacarmayanı aparıcı kimi efirə buraxmırıq. Bəzən də aparıcılıqla şoumenliyi dəyişik salırlar. Halbuki xəbər aparıcısı inandırmaq qabiliyyətinə sahib olmalıdır. Tamaşaçısı ilə ədalı danışan aparıcı heç vaxt professional ola bilməz. Bu barədə sosial şəbəkələrdə də yazmışam, çoxlarının xoşuna gəlməyib. Bizim cəmiyyətdə qərəzli insanlar çoxdu..."
Gənclər və "Lider" TV-nin dəsti-xətti
Departamentdə çalışan müxbirin hadisə yerinə qaçmaqla iş bitmir. Çəkilişə çıxmazdan əvvəl məsləhət üçün üz tutulan ünvanlardan biri də prodüserlərdir.
Xəbərlər Departamentinin prodüseri Seymur Məmmədov 2006-ci ildən "Lider" TV-də çalışır. Deyir, iş günü həm maraqlı, həm də gərgin keçir: "Əslində, xəbər hazırlama prosesinin ağırlığını heç də başqalarından az çəkmirik. Biz həm materialın hazırlanmasına, həm də efirə verilməsinə cavabdehik. Müxbirin çəkilişə gedəndə əsas nəyə üstünlük verməsini müzakirə edir və qayıtdıqda baxırıq ki, necə kadr çəkib gətirib. Düzdür, hər müxbirin fərqli üslubu olur. Çətinliklərə qatşılaşsaq da, təzələri "Lider"in dəsti-xəttinə uyğunlaşdırmağa çalışırıq".
Günel Gözəlova deyir ki, telekanalın efirində yeni mövsümdə fərqli layihələrə start veriləcək: "Analitik bir verilişimiz olacaq. "Səda"nın ana buraxılışında 5 dəqiqəlik şərh rubrikamız var, yeni mövsümdə də davam edəcək. "Vətənpərvəlik", "Hüququnuz var" kimi populyar rubrikalarımızı da tamaşaçılar maraqla qarşılayır. "Mövqe" adlı analitik verlişimiz yeni mövsümdə də, davam edəcək.
Bəs niyə həmin rubrikalar xəbərlərin içində gedir? Çünki tamaşaçılar yalnız xəbərlərlə kifayətlənmirlər .Verdiyimiz xəbərlərdən tamaşaçıda suallar yaranır, onlara cavab vermək lazım gəlir.
Qeyd edim ki, yeni mövsümdə yeni səhər proqramı açılacaq. Təzə aparıcılar efirə çıxacaq ki, onlar təcrübə keçdiyimiz gənclərin arasından seçiləcək".
"Allaha yalvarırdım ki..."
İdman aparıcısı Orxan Sübhan bərkdən kiməsə: "Montaja qaçıram, montaja" deyə-deyə pilləkənlərə yönəlir, onunla eləcə pillələrin üstə söhbətləşirik.
Deyir, həm efirdə, həm də çəkilişlərdə maraqlı hadisələrlə üzləşib: "Bu yaxınlarda, daha doğrusu, I Avropa Oyunları zamanı başıma maraqlı hadisə gəldi, hətta ciddi zədələndim. Atıcılıq yarışları ilə bağlı çəkilişdə bir yarış zalından digərinə gedərkən, jurnalist həmkarlarımla söhbətləşirdik. Birdən hiss etdim ki, başım harasa dəydi, başım dumanlandı, qan axmağa başladı. Sonrasını xatırlamıram.
Operatorumuz məni Atıcılıq Kompleksindəki tibb mərkəzinə aparıb, tibb işçilərinin müdaxiləsindən sonra özümə gəlmişəm. Bir dəfə isə radioda idman xəbərlərini oxuyurdum, məni elə gülmək tutdu ki, hətta nəyə güldüyümü də xatırlaya bilmirəm. Bircə o yadımdadır ki, Allaha yalvarırdım, xəbərlər tez qurtarsın"
Günel Gözəlovanın sözlərinə görə, "Lider" TV Avropa Oyunları zamanı istirahətsiz işləyib: "Yayım hüququmuz olmasa da, yeganə televiziya idik ki, oyunlar barədə süjetlərə fevralda start verdik, istirahətsiz işlədik. "Lider" TV olaraq oyunlarda 3 reklam rolik hazırladıq. Komanda şəklində işlədik. Düşünürəm ki, "Lider" TV əməkdaşlarının fəxri adlara layiq görülməsi televiziyamızın böyük uğurudur. Əməyin qiymətləndirilməsi insana stimul verir".
"Lider" TV-də "Gənclər" redaksiyası da var. Redaksiyanın əməkdaşı Gülnar İlqarqızı deyir ki, "Lider" onun üçün doğma evi kimidir: "Bir ildir burdayam. Əsasən informasiya xarakterli süjetlər hazırlayıram. Doğma kanalımızın uğurlarının bol olmasını arzulayıram".
"Məni anamdan başqa bəyənən yoxdur"
İqtisadiyyat şöbəsinin əməkdaşı Rövşən Abdurəhmanlı "Lider" TV-nin özəlliyini belə ifadə etdi: "Əvvəllər çalışdığım kollektivdən ayrılıb bura gələndə fikirləşirdim ki, uyğunlaşmaq mənə çox çətin olacaq. Amma adaptasiya prosesi cəmi 5-10 gün çəkdi. Çünki başqa yerlərdən fərqli olaraq burda insanlar bir-birinə yardım edir, mehriban davranır. Bu gün elə dövrdür ki, peşəkar kadrlar televiziyalardan qaçır. Amma tam məsuliyyətimlə deyə bilərəm ki, "Lider" TV haqda bu fikrə düşmək yanlışlıqdı".
Qrim otağında "Səda" informasiya buraxılışının aparıcısı Şəbnəm Hümbətova ilə rastlaşdıq. Efirə çıxmaq üçün hazırlaşan aparıcı deyir ki, televiziyada həmişə tələsmək lazım gəlir: "Çünki efirə xəbər çatırmalısan. Biz insanıq, robot deyilik, canlı efirdə hər an hər şey ola bilər. Amma tamaşaçı sənin səhvini bağışlamır. Ona görə diqqətli olmalısan. Düzdür, efirdən kənarda insanlar mənə yaxınlaşıb deyirlər ki, üzün tanış gəlir, amma harada bilmirik... Məni hələ ki, anamdan başqa bəyənən yoxdur. Ən böyük tamaşaçım öz ailəmdir”.
“Gündəlik Teleqraf” olaraq “Lider” TV-ni 15 illik yubileyi münasibəti ilə təbrik edir və həmişə Lider olmağı arzulayırıq.
İlhamə Əbülfət
FOTO: Elçin MURAD