Avqustun 31-də axşam saatlarında Moskvanın Domodedovo hava limanında saxlanılan rusiyalı iş adamı German Sterliqov sərbəst buraxılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə rusiyalı jurnalistlərə Sterliqov özü xəbər verib.
İş adamı qeyd edib ki, onu pasport nəzarətində söhbət etmək üçün dəvət ediblər. Danışıq bir neçə saat davam edib. Biznesmen prokurorluq əməkdaşlarının işini düzgün adlandırıb.
“Prokurorluq orqanlarının əməkdaşları ilə söhbətdən sonra mən sərbəst buraxıldım. Rusiya vətəndaşıyam və hər şey qaydasındadır”, - deyə Sterlinqov bildirib.
Rusiyalı iş adamının aeroportda saxlanılması barədə onun vəkili Artur Ayrapetov xəbər vermişdi.
“Avqustun 31-də saat 17:00 radələrində German Sterliqov İrəvandan Moskvaya gəlib. Sterliqov dövlət sərhədini keçəndən sonra saxlanılıb”, - deyə vəkil bildirib.
Onun sözlərinə görə, ehtimal ki, Sterliqovun tutulması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır: "Hüquq-mühafizə orqanlarında olan mənbə bildirib ki, biznesmen sərhədin kəsişməsi vaxtı Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti nümayəndələri tərəfindən saxlanılıb".
Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Q.Sterliqova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.