“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun dəstəyilə “Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsinin icrasına start verib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, layihənin əsas məqsədi regionlarda yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsi, gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılmasıdır.
Layihənin icrası Samux və Goranboy şəhərlərində həyata keçiriləcək. Əsas işlər rayonun məktəbində şagirdlər arasında aparılacaq. Şagirdlərə hərbi-vətənpərvərlik, sağlam həyat tərzi üzrə təlimlər keçiləcək.
Təlimlərdə şagirdlərə xalqımızın milli-mənəvi dəyərləri, keçmiş hərbi – vətənpərvərlik ənənələri, xalqımızın hərb tarixi haqqında biliklər veriləcək. Bundan başqa, yeniyetmə və gənclər xalqımızın vətənpərvərlik tarixi, torpaqlarımızın bütövlüyü uğrunda gedən tarixi döyüşlər, Milli Qəhrəmanlar və şəhidlər haqqında məlumatlandırılacaqlar.
BƏXTİYAR