“Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır ki, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur”.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.
Beləliklə, qatarların sayı artırılmaqla qatarlararası interval da azaldılır. Belə ki, “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. “28 may” – “Dərnəgül” və “28 may” – “İçərişəhər” stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.
Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.
NAİBƏ