15 Sentyabr 2015 20:54
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Bilik günü təhsil ictimaiyyətinə müraciət etdi

Dünən ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində bilik bayramı ənənəvi olaraq izdihamlı keçdi. Paytaxt məktəblərinin ərazisində və yaxınlığında sıxlıq yarandı, Bakı Yol Polisi İdarəsinin əməkdaşları yol hərəkəti qaydalarını pozan, məktəblərin ətraf ərazilərində parketmə qaydalarını pozan sürücüləri cəzalandırdı.

Bilik günü təhsil naziri Mikayıl Cabbarovun müəllim, şagird və valideynlərə ünvanlandığı təbrikin mətni yayıldı.

Təbrikdə deyilir ki, 15 sentyabr təkcə Bilik günü deyil, həm də hər birimizin həyatında yeni başlanğıc anı və təqvimidir: “Əziz şagirdlər! Biz sizinlə birlikdə sabaha baxırıq. Sizin qazandığınız bilik və bacarıqlar hər birinizin həyat uğurunun zəruri şərtidir. Sizin uğurunuz Azərbaycanın uğurudur. Ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün bu, çox vacibdir. Əminəm ki, bunun üçün daim öyrənməyi, axtarmağı və araşdırmağı siz öz həyat vərdişinizə, xarakterinizə çevirəcəksiniz. Təhsilin bizə göstərdiyi bu yol uğur qazanmağın, özünütəsdiqin ən şərəfli yoludur.

Əziz müəllimlər! Bilik çırağını yandıran müəllim təkcə bu missiya ilə deyil, həm də vətəndaş tərbiyəsi ilə məşğuldur. Uğurlu şagird-tələbə, uğurlu təhsil müəssisəsi, uğurlu vətəndaş - sonda uğurlu cəmiyyət deməkdir. Bu həlqəni birləşdirən isə məktəb, öyrənməyi öyrənən məktəbli və müəllimdir.

Əziz valideynlər! Məktəbə daha yaxın olun, övladlarınızın təhsilində fəal iştirak edin. Bu zaman təhsil mühiti daha sağlam və bütöv olur. Tədqiqatlar sübut edib ki, valideynin gündəlik olaraq övladının dərslərinə diqqət yetirməsi onların təhsil göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərir”.

Nazir 15 sentyabrda məktəbə səsləyən zəng sədalarının yaxın vaxtlarda Azərbaycanın ayrılmaz parçası olan Şuşada, Xankəndində çalınacağına inandığını da vurğulayıb: “İnanıram ki, bu zəng Şuşada, Xankəndində çalınacaq”.

Xatırladaq ki, yeni tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub.

Ümumilikdə, 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil alacaq.

Bakı şəhəri üzrə isə I sinfə gedəcək şagirdlərin sayı 42723 nəfərdir, ümumi təhsil məktəblərində isə 347 891 nəfər şagird təhsil alacaq.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta buraxılmaması şəhərə girişlərdə hər hansı tıxac yaratmayıb. Hətta Bakıya fərdi avtomobili ilə gələnlər nəqliyyat vasitəsini şəhərin cənub və şimal girişlərində yaradılan, ödənişsiz dayanacaqlarda saxlamalı olublar.

Buna baxmayaraq Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir ki, paytaxtda orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub. Sürücülərin avtomobillərini məktəblərin yanında park etməsi yollarda uzunmüddətli sıxlığa gətirib.
Sıxlıq xüsusilə paytaxtın “Azadlıq” prospekti, “Nəriman Nərimanov”, “Təbriz”, “Neftçilər”, “İnşaatçılar” prospektlərində, eləcə də “Bakıxanov”, “Həsən Əliyev”, “Yusif Səfərov” və “Koroğlu Rəhimov” küçələrində nəzərə çarpıb.

Sıxlığın qarşısını almaq üçün NİİM, Dövlət Yol Polisi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları bir sıra orta təhsil müəssisələrinin, xüsusilə yaxınlığında piyada keçidləri olan məktəblərin qarşısında birgə reydlər keçirib, əhali arasında maarifləndirmə işləri aparılım.

NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının sözlərinə görə, reyd zamanı bir sıra məktəblərin qarşısında sürücü və piyadaların yol hərəkəti qaydalarını kütləvi şəkildə pozduqları məlum olub. Şəfa Mehmanqızı deyib ki, kimliyindən asılı olmayaraq yol polisləri bort-kompüterlər vasitəsilə qaydaları pozanları cərimələyiblər: “Təəssüf ki, cərimə olunmalarına baxmayaraq, yenə də sürücülər qanunsuz parka davam edirdi. Görünür, belə sürücülərə qarşı daha təsirli cəza tədbirləri görülməlidir”.

NİİM-in sözçüsü bildirib ki, gələn həftədən etibarən məktəblərdə şagirdlərə ictimai nəqliyyatdan və piyada keçidindən istifadə qaydaları ilə bağlı hamının anlaya biləcəyi üslubda hazırlanmış kitabçalar paylanacaq.

Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə verilib. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə davam etsə də orta məktəbə tələbat ildən-ilə artır.
Ötən gün Məmməd Rahim adına Bakı 7 saylı tam orta məktəbin Sahil bağında Bilik günü ilə bağlı təşkil elədiyi mərasimdə iştirakçı olduq.

Məktəbin direktoru Könül Həsənova bildirdi ki, məktəbin həyətyanı sahəsi olmadığına görə Bakı Şəhər İcra Hakimiyyəti məktəbin bu tip tədbirləri Sahil bağında qeyd etməsinə şərait yaradır. Ötən il məktəbdə 960 şagirdin təhsil aldığını deyən direktorun sözlərinə görə, bu il onların sayı mini ötüb. Bu səbəbdən də III siniflərin dərsləri 2-ci növbəyə salınıb: “Baxmayaraq ki, ibtidai siniflər üçün əlavə korpuslar tikilib, ətraf ərazidə əhali sıxlığına görə məktəbimizə tələbat ildən-ilə artır”.

Məktəbin uğurlarından danışan direktor ötən il 54 məzundan 49-nun ali məktəbə qəbul olunduğunu, onlardan 6-nın 500-dən yuxarı bal topladığını vurğuladı. Elektron məktəbin bütünlükdə kameralarla, elektron lövhələrlə təchiz olunduğunu deyən direktor bu ildən yeni layihələrə start verildiyini də bildirdi.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər