Mətbuatda tez-tez xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınıb-tanınmaması məsələsi müzakirə olunur. Hətta 2003-cü ildə Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nı təsdiq edən 64 nömrəli qərar verib. Bu qərarı tətbiq etmək məqsədilə 2007-ci ildə Təhsil Nazirliyində müvafiq əmr imzalanıb. Bu əmrlə xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi ilə bağlı nazirliyin aparatında Təhsil sənədlərinin tanınması işi üzrə sektor da yaradılıb.
Bəs Azərbaycan ali məktəblərinin verdiyi diplomların xaricdə tanınması prosesi necə həyata keçirilir?
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, istər Azərbaycan universitetlərinin diplomlarının xaricdə, istərsə də xarici universitet diplomlarının ölkəmizdə tanınması hələ də təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqdadır.
Ekspert dedi ki, 1997-ci ilin aprelində dövlətimiz “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb. Konvensiyanın icrası Təhsil Nazirliyinə həvalə olunub: “Baxmayaraq ki, 1999-cu ildə ali təhsil sistemlərinin bir-birinə yaxınlaşdırılması və uyğunlaşdırılması, Avropada ortaq təhsil məkanının yaradılması məqsədilə Boloniya Bəyannaməsi imzalanıb, 2005-ci ildən Azərbaycan da bu prosesə qoşulub.
Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bu sistemin elementlərindən hələ ki, kredit sisteminə önəm verilir. Diplomların qarşılıqlı tanınmaması ucbatından Azərbaycanın ali məktəblərinin təhsil verdiyi məzunlar hələ də xarici ölkələrdə işə düzəlməkdə çətinlik çəkirlər. Belə bir vəziyyəti xaricdə ali təhsil alanların Azərbaycanda işə düzəlməsi imkanlarına da şamıl etmək olar".
Nadir İsrafilov bildirdi ki, dünyanın ayrı-ayrı ölkələri problemə fərqli yanaşma tətbiq edirlər. Hansısa ölkə ilkin bazaya - attestata önəm verir, digər ölkə dil bilgiləri ilə yanaşı, ixtisas biliklərinin də yoxlanılması üçün əlavə imtahan keçirir, başqa bir ölkə isə diplom alınan universitetin nüfuzuna, beynəlxalq reytinqinə önəm verir. Elə ölkələr də var ki, çıxış yolunu fərdi şəkildə müqavilə bağlamaqda görür: “Bu məsələdə ixtisaslara, onlara olan tələbata da diqqət yetirilir. Bildiyimə görə, bu sahədə ölkəmizdə müəyyən işlər gedir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Müslüm İbrahimov qəzetimizə açıqlamasında dedi ki, hazırda departament ADİU-nun məzun assosiasiyasının yaradılması ilə məşğuldur: “Hazırda biz xarici ölkələrdə işləyən, yaşayan məzunlarımızın siyahısını toplayırıq”.
Universitet təmsilçisinin sözlərinə görə, ADİU-nun bir neçə xarici universitetlərlə ikili diplom proqramlarını hazırlaması da bilavasitə məzunların iş təminatına köklənib: “İkili diplom proqramları daha çox magistratura üzrə hesablanıb. Belə ki, bakalavr üzrə təhsil almış tələbəmizə xaricdə magistratura təhsilini davam etdirmək üçün Təhsil Nazirliyinin xətti ilə Avropa diplom əlavəsi verilir. Həmin əlavədə tələbəmizin neçə kredit üzrə təhsil aldığı göstərilir.
Məsələn, bakalavr təhsili üzrə biz 220 kreditlik təhsil veririksə, müqavilə bağladığımız xarici universitetlərdə bu 180-dir. Yəni uyğunluq olduğuna görə, 220 krediti ödəyən tələbə qəbul olunur. Boloniya prosesinə qoşulmağın həm də bu üstünlükləri var ki, bu kredit uyğunluğuna görə bizim diplomlar tanınır. Xaricdə təhsil proqramı üzrə tələbələrimiz Kembric, Edinburq, Bristum, Mayami Universitetlərində, London İqtisad Məktəbində magistr təhsili alırlar. Amma ayrı bir məsələ də var ki, magistraturanı bitirən məzun ixtisası üzrə işləmək istəsə, əlavə imtahan da verməlidir".
Departament rəhbəri onu da dedi ki, bu tədris ilindən başlayaraq universitetdə London İqtisad Məktəbinin proqramları da tətbiq olunur , bu isə gələcəkdə məzunların xaricdə iş imkanını artıracaq: “Yüksək bal toplayan, İELTS imtahanlarından sertifikatı olan tələbələr var ki, ingilis dilində o məktəbin və bizim universitetin təsdiqlənmiş kurikulumları üzrə təhsil alacaq və hər iki ali məktəbin diplomuna sahib olacaq”.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) prorektoru Eldar Aslanovun sözlərinə görə, xaricdə alınmış istənilən diplomun Azərbaycanda tanınması üçün Təhsil Nazirlyində nostrifikasiyadan kecmək tələb olunduğu kimi başqa ölkələrə iş üçün gedən məzunlarımızın müvafiq işlə təmin olunması üçün də həmin ölkənin müvafiq qurumunda nostrifaksiyadan keçmək tələbi var: “Bəzilərində vəkillik, həkimlik diplomu ayrıca imtahan edilərək tanınır”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Mətbuat xidmətindən verilən məlumata görə, ADNSU-nun diplomları 80 ölkədə tanınır və yüksək qiymətləndirilir: “Universitetimiz keçmiş SSRİ məkanında neft-qaz mühəndisi, ixtisaslı kadrlar hazırlamış ali təhsil müəssisəsi kimi xaricdə yüksək nüfuza malikdir. Bildiyiniz kimi, ölkəmizdə bir çox nüfuzlu şəxslər, neft-qaz sənayesində çalışan mütəxəssislər məhz ADNSU-nun məzunlarıdır.
Bəzi xarici ölkələrin prezidentləri də bizim ali məktəbi bitiriblər. Universitetimizin diplomunu alan tələbə istənilən ölkədə işlə təmin oluna bilir. Bu, həm dövlət səviyyəsində, həm də şırkətlər səviyyəsində qurulan əməkdaşlıqlar daxilində mümkündür.
Bir çox tələbələrimiz Rusiya, Almaniya, ABŞ-da əlavə olaraq magistratura təhsili alırlar. Bu onların öz istəkləri ilə baş verir. Yəni burda alınan diplomlara görə heç bir tələbənin qarşısına “əlavə təhsil almalıdır” kimi şərt qoyulmur. ADNSU-nun diplomları 80-dən çox ölkədə tanınır".
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının isə mövzu ilə bağlı fikirləri tamam fərqli oldu. O, bildirdi ki, dünyada diplomların tanınması anlayışı yoxdur, universitetlər nüfuzlarına görə tanınırlar: “Azərbaycanda hər hansı ən zəif özəl universiteti bitirən məzun belə, misal üçün Kanadaya işləməyə gedərsə, Kanada tərəfdən Azərbaycanda belə bir rəsmi universitetin olub-olmadığı aydınlaşdırılır. Araşdırma özünü doğruldursa, o, imtahan edilir, yaxud müəyyən prosedurdan keçir və uyğun işə götürülür. Dünyada universitetlərin şöhrəti anlayışı var. Universitetin nüfuzu yüksək olduqda, onun məzunu da diqqətlə qarşılanır”.
Hamlet İsaxanlı dedi ki, Xəzər Universitetinin məzunları Azərbaycanı xaricdə təmsil edir: “Bizdə təhsil ingilis dilində olduğuna görə, məzunlarımızın əksəriyyətinin ölkədən kənarda işləmək imkanları genişdir. Çünki tədris proqramlarımız Amerikanın, Avropanın qabaqcıl təhsilinə uyğunlaşdırılıb. Məsələn, İngiltərənin nüfuzlu universitetlərinin tələbələri hansı dərs vəsaitləri üzrə təhsil alırsa, bizim tələbələrimiz də həmin dərs vəsaitlərini oxuyur”.
Sevil Hilalqızı