Qadın Konsensus Mərkəzi “Azərbaycanda sahibkar qadınlar” mövzusunda dinləmə keçirib
Qadın Konsensus Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili” layihəsi çərçivəsində növbəti “Azərbaycanda sahibkar qadınlar” mövzusunda dinləmə keçirib.
Tədbirdə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Sahibkar Təşkilatları Milli Konfederasiyası, “Sahibkar Qadınlar” İctimai Birliyi və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbiri çıxış sözü ilə açan Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı qeyd edib ki, Azərbaycanda qadınlar mövzusu dövlətimizin daim diqqətindədir: “İllər boyu Azərbaycanda qadınlara əsasən bir ana və ya ailə ocağının keşikçisi kimi yanaşılıb. Amma artıq vəziyyət tam fərqlidir. Müasir cəmiyyət qadına çoxsaylı əlavə statuslar verir. Bu yeni yanaşma və dəyişən şərait qadından daha fəal vətəndaş olmağı və yaşadığı ölkənin həyatında müxtəlif zümrələrin işini yönləndirməyi tələb edir.
Artıq qadının həyata keçirdiyi funksiyalar mətbəx, ailə, uşaq böyüdüb tərbiyə vermək çərçivəsindən çıxıb. Müxtəlif dairə və insanların qadının yeni rolunu qəbul etmək istəməməsinə baxmayaraq, zəif cinsin nümayəndələri dövlətimizin və qanunların verdiyi imtiyaz və hüquqlardan tam istifadə edir. Qadınlar tam şəkildə icra strukturlarında rəhbər vəzifələrə çəkilir, sahibkarlıqla, elmlə məşğul olur, ölkənin ictimai həyatında iştirak edirlər.
Qadınların cəmiyyət həyatında fəal iştirakı bir sıra yeni yanaşma və dəyişikliklər tələb edir. Artıq bir çox qabaqcıl ölkələrdə, o cümlədən Azərbaycanda qanunlar gender bərabərliyinin təminatı istiqamətində tərtib edilir, dövlət büdcəsi təsdiqlənərkən qadın və kişilərin ondan bərabər şəkildə yararlanmasına diqqət yetirilir".
Mərkəz rəhbəri bu sahədə ictimai təşkilatların da müəyyən işlər gördüyünü vurğulayıb: “Qadın Konsenus Mərkəzinin həyata keçirdiyi ”Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai maarifləndirmə və ictimai dinləmələrin təşkili" layihəsi ictimai maarifləndirmə və müzakirələr vasitəsilə ölkədə qadınların inkişafına zəmin yaradacaq amillərə təkan verməyə, köhnədən qalma streotip və yanaşmaları aradan qaldırmağa çalışır.
Layihə çərçivəsində “Məişət zorakılığı və erkən nikahlarla mübarizə”, “Qadınların siyasi iştirakçılığı”, “Sahibkar qadınlar”, “Qadın mövzusu KİV və sosial medaida”, “Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyinin təminatı” mövzularında ictimai dinləmələr keçirilməsi nəzərdə tutulub. Artıq xeyli müddətdir, Facebook sosial şəbəkəsində “Qadınlara ədalət” adında səhifə yaradılıb. Səhifə öz ətrafında qadın mövzusuna biganə olmayanları toplayaraq aktiv iş aparır".
Regionlarda 60 faiz, Bakıda 40 faiz...
Aynur Camalqızı hökumətin gender bərabərliyi və qadınların imkanlarının gücləndirilməsi sahəsinə ayırdığı maliyyə vəsaitinin 2009-cu ildən bu günə kimi 120 mindən 1 milyon dollara qədər artırıldığını deyib: “2015-ci ilin məlumatına görə, ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820 min nəfərini qadınlar təşkil edir. İllər üzrə selektiv abortun təsiri nəticəsində ölkədə qadınların say tərkibi tədricən azalmaqdadır. Məsələn, ötən il doğulmuş 170,5 min körpənin 46,4 faizini qızlar təşkil edib.
Cəmiyyətdə qadın və qızlara mühafizəkar münasibətin saxlanılması sirr deyil, ailələr hələ də qız övladlarının həyat və təhsil almaqda seçim imkanlarını məhdudlaşdırır, qadının ailədən kənar fəaliyyəti hər zümrədə alqışlanmır. Buna baxmayaraq, dövlət orqanlarında qadınların irəli çəkilməsi faktları müsbət tendensiyanın yarandığından xəbər verir. İşləyən qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır".
Mərkəz rəhbəri son vaxtlar vəzifədə olan qadınların da sayının artdığına diqqət çəkib: “Azərbaycanın 85 rayonunda icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki illərə nisbətən qalxaraq 35 faiz olub. Milli Məclisdə deputatların 16 faizini qadınlar təşkil edir. Hüquq-mühafizə orqanlarında, elm, mədəniyyət, idman və digər sahələrdə qadınların sayı gündən-günə artır. 3 qadın nazir müavini var, Konstitusiya Məhkəməsinin 9 hakimindən 2-si, Xarici İşlər Nazirliyində çalışan 271 diplomatdan 181-i qadındır. Bir dövlət komitəsinin, bir dövlət komissiyasının sədri qadındır. Qadın dövlət qulluqçularının ümumi tərkibi 28 faizdir.
Qadınlar ictimai sektorda da fəallaşıblar. 2010-2015-ci illərdə qadın qeyri-hökumət təşkilatlarına 331 layihəni dəstəkləmək üçün 2 milyon dollar ayırılıb. 2014-cü ilin 1 yanvar göstəricilərinə görə, ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faiz olub.
Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir. Bu gün qadınlarımızın 50 faizə qədəri fəal əməklə məşğuldur.
Qadınların sayı kişilərdən 3 fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində 56,6 faiz, təhsildə 41,8 faiz və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə 25,6 faiz çoxdur".
Aynur Camalqızı qadınların elmin inkişafındakı müstəsna rolundan danışaraq, bu sahədə çalışan qadınların statistikasını açıqlayıb: “Hazırda doktorantların 30,8 faizi, bütün elmi işçilərin 53,6 faizi qadınlardan ibarətdir. Son 5 ildə tədqiqat işləriylə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 25,2 faizi, fəsləfə doktoru dərəcəsi olan qadınların sayı isə 15 faiz artıb. Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır”.
Qadınların hökumətin ayırdığı güzəştli kreditlərdən tamhüquqlu şəkildə yararlandığını deyən Aynur Camalqızı yüngül sənaye, kənd təsərrüfatı, xalq yaradıcılığı, təhsil, ticarət, xidmət sahələrində çalışan sahibkar qadınların sayının durmadan artdığını deyib: “Müasir dövrdə ”Biznes qadını", “iş qadını” kimi ifadələr geniş işlənir. Əgər bu sahədə uğurlar varsa, deməli, görülən işlər öz bəhrəsini verir. Qadın nə qədər güclü olarsa, qadına qarşı zorakılıq halları azalmış olar".
Mərkəz rəhbəri Azərbaycanda böyük miqyaslı tədbirlərin reallaşdırılmasının məhz qadının adı ilə bağlı olduğunu deyib: “Təsadüfi deyil ki, ölkəmizdə ilk dəfə keçirilən Birinci Avropa Oyunları, ”Avroviziya" mahnı müsabiqəsinin təşkilati işləri ölkənin birinci xanımı Mehriban Əliyevaya həvalə edildi. Nəticə olaraq mükəmməl bir iş araya-ərsəyə gətirildi".
“Qadın sahibkarların sayını normal hesab eləmək olar”
Qadın Konsesus Mərkəzinin sədr müavini Faina Hənəfiyeva bildirib ki, qadıların sahibkarlıqla məşğul olması üçün ali təhsil şərt deyil, amma onların bacarığı və bu sahəni bilmələri mütləqdir: “Statistikaya görə, qadın sahibkarların sayını indiki vəziyyət üçün normal hesab etmək olar, amma mənfi hal odur ki, bəzən qadınların adı ilə qeydiyyatdan keçirilən müəssisələrin icraçısı yenə kişilər olur. Bununla belə, qadınlar əsasən, tekstil və kənd təsərrüfatı sahələrində aktivdirlər”.
Qadınların əsasən orta və kiçik sahibkarlıq müəssisələrində çalışdığını deyən Faina Hənifəyeva bildirib ki, qadınların sahibkarlıq fəaliyyətinə mane olan əsas səbəblərdən biri şəxsi kapitalının, mülkiyyətinin olmamasıdır: “O qadın güclüdür ki, maddi imkanı yüksəkdir. Ailəsinin, uşaqlarının təhsilinə xərcləməyə pulu var. Əgər onların bazara çıxarmağa məhsulu varsa, sahibkar hesab oluna bilərlər.
Dünya Bankının araşdırmasına görə, qadınlar dünya üzrə qidanın 50 faizini hazırlayırlar. Amma dünya mülkiyyətinin cəmi 1 faizi qadınlara məxsusdur. Gəlirlərin 90 faizi kişilərə, 10 faizi qadınlara məxsusdur".
Qadın sahibkarlara 20,1 milyon manat güzəştli kreditlər verilib
Tədbirdə iştirak edən İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığın İnkişafı şöbəsinin sektor müdiri Anar Məmmədov hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsinin ümumilikdə sahibkarlığın inkişafının əsas sütunlarından olduğunu deyib: “Beynəlxalq iqtisadi reytinqlərdə Azərbaycanın rolu bizi daha böyük işlər görməyə sövq edir. Bunun üçün də mütəmadi olaraq iqtisadiyyatın inkişafını sürətləndirəcək addımlar atılır. İqtisadiyyat və Sənaye Nazirliyi nəzdində yaradılmış Sahibkarlığa Kömək Milli Fondu ölkədə sahibkarlığın inkişafı üçün mütəmadi işlər görür. Qurum regionlarda tədbirlər təşkil edir, nazirliyin təlim mərkəzində qadınların treninqlərə cəlb olunmasına kömək edir. Azərbaycanla digər xarici ölkələr arasında bağlanmış müqavilələrə əsasən, sahibkar qadınlar xaricdə kurs keçməyə cəlb olunurlar”.
Nazirlik rəsmisi Azərbaycanın qadın sahibkarlarının əksəriyyətinin əsasən ticarət sahəsində fəaliyyət göstərdiyini vurğulayıb. Sektor müdirinin təqdim etdiyi statistikaya görə, bu ilin ilk yarımilində hüquqi şəxs kimi qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 3,3 faiz artaraq 97684 vahid olub. Ümumilikdə 649 mindən çox sahibkarlıq subyektləri, o cümlədən 97684 hüquqi şəxs, 551724 fiziki şəxs qeydiyyatdan keçib.
2015-ci il iyulun 1-dək hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq formasında fəaliyyət göstərən fiziki şəxslərin sayı bu ilin yanvarın 1-nə nisbətən 6,1 faiz artaraq 551724 vahidə çatıb. Hesabata görə, fiziki şəxslərin 19,4 faizini (107190 vahid) qadınlar təşkil edib.
Sahibkar qadınların 28,8 faizi Bakıda, 16,4 faizi Aran, 15,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. İqtisadi fəaliyyət növləri üzrə qadın sahibkarların 37,8 faizi ticarət, 19,3 faizi kənd təsərrüfatı, 4,3 ictimai iaşə, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət sahələrində fəaliyyət göstərir. Ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı isə 29,1 min nəfər olub, onların 38,8 faizini qadınlar təşkil edib.
Anar Məmmədov qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 2015-ci ilin 9 ayı ərzində 639 qadın sahibkara 20,1 milyon manat güzəştli kreditlər verilib. Həmin kreditlərin hesabına 1476 yeni iş yeri açılıb.
“Texniki təhsilə xüsusi diqqət yetirilməlidir”
Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva isə qadın sahibkarlara hazırda həm dövlət, həm də QHT-lərin dəstək verdiyini vurğulayıb: “Mən sahibkarlığa 90-cı illərdə başlamışam. Bütün problemlərə baxmayaraq, qadınlar həm ailəni qorumalıdır, həm də sahibkarlıqıla məşğul olmalıdırlar. Qadınların ən böyük borcu evdə övladlarını tərbiyə etməkdir. Bu işdə mənə ailəm də kömək olub. Kim biznesə atılırsa, ciddi çalışacağını bilməlidir”.
Son vaxtlar qadın sahibkarlığın inkişafında xeyli işlər görüldüyünü deyən Səkinə Babayevanın sözlərinə görə, istehsalat prosesində texniki təhsilə xüsusi diqqət yetirilməlidir: “Hazırda biz texniki-peşə təhsilli kadrların azlığı sarıdan əziyyət çəkirik. Olanlar da sovet dövründə təhsil alanlardır. Sahibkar qadının ilk növbədə kapitalı olmalı, sonra onu müvafiq istiqamətə yönəldə bilmə qabiliyyəti - menecerliyi bacarmalıdır. Üst qurumlarla əlaqə qurmaq səriştəsi vacibdir. Şübhəsiz ki, bu biliklərə qanunvericiliyi bilmək də daxildir. İnanıram ki, yaxın gələcəkdə ölkəmizdə həkimlər, müəllimlər ordusu olduğu kimi sahibkar qadınlar çoxluğu da formalaşacaq”.
“Hüquqi baxımdan problem yoxdur”
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova sahibkar qadınların problemlərindən söz açarkən bildirib ki, bəzən kişilər qadınların güclü olmasından çəkinir, əslində güclü qadın ailəsinə daha çox kömək edə bilər: “Qadınlara sahibkarlıq sahəsində dəstək olmaq lazımdır. Qadın sahibkar əksər hallarda bütün yükü öz üzərinə götürür. Əslində isə qadına biznesin idarə olunmasında, uşaqların tərbiyəsində həyat yoldaşı kömək etməlidir.
Bəzən kişilər düşünürlər ki, qadın güclü olacaqsa, onu əzib keçəcək. Bu, düzgün yanaşma deyil. Qadın güclü olarsa, sahibkarlıqla məşğul olarsa, ailəsinə daha çox kömək edəcək. Digər bir problem ondan ibarətdir ki, çox az halda qadın əmlakını özü idarə edir, çox vaxt atası, həyat yoldaşı bu məsələdə ondan irəlidə durur".
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Sima Yaqubova isə qadınların biznesdə daha çox uğur qazanmağa meyilli olmasına diqqət çəkib: “Qadın sahibkarların inkişafına 3 aspektdən baxılmalıdır. Hüquqi, maddi, mənəvi-psixoloji. Bununla bağlı dövlət proqramları həyata keçirilməlidir. Qadına fürsət yaradılmalı, kapital ayrılmalıdır. Qadın sahibkarların inkişafına ayrılan kredit güzəşti normaldır. Çox inkişaf etmiş Avropa ilə müqayisədə bizdə faizlər yüksəkdir. Bunlar aradan qaldırılmalıdır”.
Digər hüquqşünas Səməd Vəkilov isə qadınların sahibkarlıq fəaliyyətinə kişilərin heç də qarşı çıxmadıqlarını dilə gətirib. O, əlavə edib ki, qadının sahibkar olmasında hüquqi baxımdan heç bir problem yoxdur. Güzəştli kreditlər məsələsinə gəlincə, o, bildirib ki, burada ayrı-seçkilik etmək düzgün olmaz: “Yəni bu sırf bacarıq işidir, ona görə də hesab edirəm ki, kredit məsələsində kişi ilə qadını cinslərə ayırmaq olmaz. Çox istərdim ki, qadınlar bu sahəyə atılandan sonra ailə dəyərlərini unutmasınlar. Sahibkar qadınlar ailə dəyərlərinə önəm verməli, bu dəyərlərdən uzaq düşməməlidirlər”.
“Qadın iqtisadi cəhətdən güclü olarsa...”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender məsələləri şöbəsinin eksperti Sevinc Məmmədova bildirib ki, komitə qadın sahibkarlığının inkişafına kömək etmək üçün çalışır: “Heç kim birdən-birə böyük sahibkara çevrilmir. Buna görə də komitə mütəmadi olaraq ”Öz şəxsi biznesinə başla və təkmilləş" adlı təlimlər keçirir. Sabirabad, Neftçala və Saatlı rayonlarında qadın resurs mərkəzləri yaradılıb. Məqsəd sahibkarlıqla məşğul olan qadınlara kömək etməkdir. Bunlar texnki yardım layihələridir.
2014-cü ildə 14 qadın bizim layihəmizdə iştirak edib və 7 mikrolayihə müəyyənləşib. Bu layihələr dövlət qeydiyyatına alınıb. Biz əlil qadınlara xüsusi diqqət ayırırıq. Əl işlərindən ibarət sərgilər təşkil edirik".
Jurnalist Taleh Şahsuvarlı qadınların sahibkarlıq fəaliyyətində yaranan əngəllərə diqqət çəkib: “Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş iclası keçirildi. Prezident çıxışında sahibkarlıq sahəsində problemlərlə bağlı da bəzi mesajlar verdi. Bildirdi ki, sahibkarları onlarla qurum yoxlayır. Mənə elə gəlir ki, bu, sahibkarlığın inkişafını əngəlləyən problemlərdən biridir. Buna görə də heç kim istəmir ki, xanımı, anası, bacısı sahibkarlıqla məşğul olsun və korrupsiya ilə üzləşsin. Bunlar həll olunsa, hər şey qaydasına düşəcək”.
Taleh Şahsuvarlı böyük sərvətə malik insanların varislərinin, o cümlədən onların övladları olan xanımların gələcəyin bizneslediləri olacağını deyib: “Çünki hazırda dünyada tanınmış biznes ledilərin əksəriyyəti nəslinin sərvətinə sahib olan, atası məşhur sahibkar olan xanımlardı. Odur ki, yaxın gələcəkdə Azərbaycanda da belə vəziyyəti müşahidə edəcəyik. Bu, zamanla baş verən haldır”.
“Maddi-psixoloji problemlər qadınları aktiv olmağa qoymur”
“Demokratik-İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bəzi hallarda sahibkarlıqla məşğul olan qadınların yalnız kağız üzərində sahibkar olduqlarını vurğulayıb: “Ötən il turizmlə bağlı tədbirdə biz 3-4 nəfər turizmlə bağlı sahibkar qadın tapa bilmədik. Biz əgər ”Google" axtarış sistemində “Azərbaycanda sahibkar xanımlar” yazsaq, ciddi bir nəticə əldə etməyəcəyik.
Ölkəmizdə həkimlərin, müəllimlərin sayı çoxdur, bu, yaxşı haldır, amma sahibkar qadınların da sayı artsa, yaxşı olar. Elə qadınlar tanıyıram ki, yaxşı maliyyələri var, amma işi qura bilmirlər. Kişilər bir çox hallarda qadınlara imkan vermirlər".
Qonşu Türkiyə təcrübəsinə diqqət çəkən Vüsalə Hüseynli bizdə də Gülər Sabançı kimi biznes ledilərin yetişməsinə şərait yaradılacağını arzuladığını deyib.
Sahibkarlar Konfederasiyasının baş katibi Günay Cəfərli bildirib ki, hazırda konfederasiya bir sıra xarici ölkələrlə ciddi layihələr üzərində çalışır: “Bəzən maddi, psixoloji problemlər qadınları aktiv olmağa qoymur. Bu gün bizimlə əməkdaşlıq qurmaq istəyən müxtəlif ölkələr var. Biz istəyirik ki, azərbaycanlı xanımların biznes fəaliyyəti xaricdə də güclənsin, ölkəyə kapital gəlsin. Ölkədə uğur qazana bilməsək, xaricə necə inteqrasiya edə bilərik? Ailədə ər-arvad dost olarsa, çox böyük uğur qazanmaq olar. Texniki peşə məktəbləri də vacib məsələdir. Konfederasiya xarici ölkələrlə peşə təhsili ilə bağlı əməkdaşlıq edir və biz onlardan mexanizmləri öyrənirik. Bu iş çox aktiv gedir. Hər kəs ali təhsilli olmalı deyil. Mən inanıram ki, bu layihə öz töhfəsini verəcək”.
Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. İctimai dinləmələrdə ölkədə fəaliyyət göstərən sahibkar qadınlar da çıxışlar ediblər və onlara yaradılan şəraitdən, Azərbaycandakı biznes mühiti, maliyyə-kredit vəziyyəti, uğurlar və çətinliklərdən bəhs ediblər.
Naibə QURBANOVA