Xəzər dənizinin Azərbaycana aid hissəsinin şimal sahillərində suitilərin ölümü hallarına rast gəlinməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş məlumatın araşdırılması məqsədilə Nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri dərhal suiti ölümünün qeydə alındığı ərazilərdə müşahidələrə başlayıb.
Nazirlikdən verilən məlumata görə, hələlik Xəzər suitilərinin dəqiq ölüm səbəbi bilinmir. Heyvanların cəsədlərindən götürülmüş nümunələr ümumi analiz olunması üçün müvafiq laboratoriyaya göndərilib.
Qeyd edək ki, dünyada mövcud olan pərayaqlıların ən xırda növü hesab edilən endemik Xəzər suitilərinin son illərdə sayının azalması barədə bir sıra tədqiqatçılar tərəfindən fikirlər səslənsə də, aparılan mütəmadi araşdırmalar göstərir ki, bu azalma Xəzər suitilərinin nəslinin tam olaraq kəsilməsi kimi təhlükədən xəbər vermir.
Baxmayaraq ki, hələ 2001-2002-ci illərdə Xəzərin şimal sahillərində suitilərin kütləvi ölümü qeydə alınıb. Həmin illərdə aparılan tədqiqatların nəticələrinə görə Xəzər suitilərinin ölümünə səbəb onların orqanizmində immuniteti zəiflədən “it taunu” adlanan virus xəstəliyinə yoluxması olmuşdu. Bu yoluxma kütləvi epidemiyaya səbəb olmuş və immun sistemi zəifləmiş heyvanların asanlıqla xəstəliyə tutulub ölməsi ilə nəticələnib. Bununla Xəzərdə dəniz məməlilərinin bir müddət kəskin azalması qeydə alınsa da, artıq bir neçə ildir sabit populyasiya prosesinin getməsi suitilərin kəskin azalma faktını istisna edir.
Fəsil dəyişmələri ilə müşayiət olunan miqrasiya proseslərinin izlənilməsi və illik elmi-praktiki müşahidələrin nəticələrinə görə, antropogen və təbii təsirlərdən nisbi azalma qeydə alınsa da, suitilərin Xəzərdə, ocümlədən də dənizin Azərbaycan hissəsində fəsillərarası hərəkətinə tez-tez rast gəlinir.
Mütəxəssislər hesab edir ki, Xəzər dənizinin Azərbaycan hissəsinə aid şimal sahillərində suitilərin görünməsi buna sübutdur.
Digər tərəfdən, bu günlərdə Abşeron yarımadasının Buzovna və Mərdəkan sahilyanı zonasında bir neçə suiti cəsədinin tapılması, bir tərəfdən populyasiyanın bərpasından xəbər verməklə yanaşı, eyni zamanda yenə də suitilərin təhlükədə qalmasının göstəricisi sayıla bilər.
Qeyd edək ki, suiti cəsədləri üzərində aparılan ilk vizual müşahidələr göstərib ki, leşlər haldan düşmüş vəziyyətdə, mədəsi boş olan yaşlı fərdlərdir. Təxminən 2 həftə davam edəcək araşdırmalardan və təhlillərdən sonra suitilərin ölüm səbəbi məlum olacaq.
İLHAMƏ