26 Oktyabr 2015 11:35
879

Bir neçə gün əvvəl saytımızın əməkdaşı Sərvər Şirinin Ədəbiyyat müntəxabatındakı qüsurlarla bağlı tənqidi yazısı getmişdi. Yazı yayımlandıqdan sonra kitabın müəllifi Bilal Həsənli əməkdaşımızın yazısına cavab verdi. Diqqətinizə çatdırdığımız yazı isə Sərvər Şirinin Bilal Həsənliyə cavabıdır:

Hörmətli-izzətli pedaqogika üzrə fəlsəfə doktoru Bilal Həsənlinin cavabına cavab

Yazıda vurğulanır ki, ədəbiyyat müntəxəbatı dərslik deyil, şagirdlərə kömək məqsədilə tərtib edilmiş vəsaitdir.

Bunun ciddi qüsur olması ilə barışıram. Amma məşhur bir kəlam da yadıma düşür: “Kitab bilik mənbəyidir”. Mən burada “kitab” sözünü konkret olaraq “vəsait” mənasında işlədirəm. Əgər bilik mənbəyi olan “vəsait”dən şagirdlər bu gün bəhrələnə bilmirsə, deməli, yuxardakı hikmətli kəlam öz əhəmiyyətini itirmiş olur.

Pedaqoq deyir ki, dastanın 2004-cü il nəşrindəki qolda həmin ixtisarların heç biri yoxdur və bu, müntəxəbat üçün nöqsan sayıla bilməz. Daha sonra M.Təhmasibdən sitat gətirir ki, “Koroğlu” keçmişdə daha mükəmməl olmuş, zaman keçdikcə bir sıra qollar aşıqların repertuarından çıxmışdır. İndi vəzifə bunları tapmaqdan, yazıya almaqdan, nəşr eləməkdən ibarət olduğunu deyir.

Bu gedişlə, deyəsən, dastan həqiqətən müəkəmməlləşir... Sözüm onda yox. Bu başqa mövzudur. Yəni dastanın 2004-cü il nəşri ilə bağlı 20000 işarəlik tənqidi yazım var. Amma məsələ başqadır. Yəni demək istəyirəm ki, bu qolu orta məktəb şagirdlərinə çatdırmaq üçün dastanın ancaq 2004-cü il nəşrindən istifadə etmək məcburidir? Əgər məcburdursa, dastanın 2004-cü il nəşrini tənqid eləmək və bunun əsasında mütəxəsislərlə məsləhətləşib müntəxəbata orta məktəb şagirdləri üçün qolun tərbiyəvi əhəmiyyəti üstün olan variantın salmaq lazımdır.

Dastanın 2004-cü il nəşri ilə mənim nə işim var? Bu kitab ümumi bir axının içində çap olunub. Və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Onu tənqid eləsək də, elə bir ciddi fuksionallığı yoxdur. Amma müntəxəbatın xatirinə buna getməliyik. Qoy şagirdlərin şüuruna və şüuraltına yaxşı şeylər sirayət eləsin. Beləliklə, bəzi ixtisarları müntəxəbatda verməməklə nöqsansız olmuruq.

Orta məktəb şagirdinin səviyyəsi nəzərə alınmalıdır. Bəs necə olur ki, dastanın bu cür nöqsanları (2004-cü il nəşri) pedaqogika üzrə fəlsəfə doktorunun diqqətindən kənar qalıb, gənc metodistin yox.

Məlumat üçün bildirim ki, mən 2011-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Bu illər ərzində bir sıra məqalələrim və “Səməd Vurğunun müdrik kəlamları” kitabım çap olunub. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrıyam. Eyni zamanda, ali məktəblər üçün şagird hazırlamaqla da məşğul oluram. Mətləbdən uzaqlaşmayıb söhbətə qayıdıram.

Çünki bunun “Ağa dedi, sür dərəyə, sür dərəyə” məsələsi olmadığını aydın görürəm.

Məlumdur ki, şagirdlərə yeni biliyin mənimsədilməsi iki mərhələdə həyata keçirilir: bədii əsərlərin məzmunun mənimsənilməsi və təhlili.

Tutaq ki, Koroğlu surətini təhlil edirik. Bu zaman “zəmanə” uşağı deyir ki, ay müəllim, Koroğlu necə xalq qəhərəmanıdır ki, xalqın nümayəndəsinin arpasını, buğdasını və hətta öküzünü əlindən alıb, sonra isə qorxutduğu yazıq kişiyə məhəl qoymadan, öküzün pulunu vermədən çıxıb gedir? Koroğlu xalq qəhrəmanıdır, yoxsa quldur-qoçu?

Təhlil oldumu bu?! Demək, bizim işimizə-gücümüzə bax, uşaqlarda indidən “lotuluq” hissi yaradırıq, nədi-nədi, sırf 2004-cü il nəşrindən istifadə etməliyik.

Sual oluna bilər ki, axı biz beləcə şagirdləri aldadırıq. Yəni Koroğlunun başqa bir variantı Londonda tapılıb. Onda deyirik ki, biz yaxşısını öyrədirik. Yaxşını qoyub, pisə niyə qaçırıq?! Hətta biz pisə qaçırıqsa, bununla nə demək istəyirik?!

Bu da məlumdur ki, yaradıcı nağıletmə zamanı şagirdlər qəhrəmanların gələcək taleyindən söz açır, əsərin sonluğunu dəyişir. Mənə elə gəlir, birinci, müntəxəbatdakı bu qolu dəyişmək, sonra onu uşaqların öhdəsinə verməliyik. Çünki biz Koroğlunu elə vermişik, onu dəyişib qəhrəman eləmək olur.

Bu da məlumdur ki, bədii nümunələrin təhlili üzrə sual və tapşırıqlar daha çox “Araşdırın. Fikirləşin. Cavab verin” başlığı ilə verilir. Bunları şagirdlərə ver, dur qırağa... Gör, dastanın bu qolundan nələr danışırlar. Əlqərəz. Bu cür numunələrin sayın çoxaltmaq olar.

Yazıda deyilir: “Dastan üzrə elmi tədqiqatların davam etdirilməsi, onun yeni variantlarının üzə çıxarılması, nəşr olunmasına folklorşünaslığımızın nailiyyətləri müstəvisində yanaşılmalı, uğurlar təqdir olunmalı, əvvəlki nəşrlərlə müqayisəli təhlil zəminində elmi axtarışlar davam etdirilməlidir”.

Beləliklə, bu cümlədən yaxşı bir test də hazırlamaq olar:

Dastan üzrə elmi tədqiqatların davam etdirilməsi, onun yeni variantlarının üzə çıxarılması, nəşr olunması, əvvəlki nəşrlərlə müqayisəli təhlil zəminində elmi axtarışlar davam etdirilməsi magistrlara, bakalavrlara, yoxsa şagirdlərə aşılanmalıdır?

Cavabı tapmaq sizlərə qalır. Amma ən dəqiq cavabı elə Bilal Həsənlinin özü deyib: “Folklorşünaslığımızın nailiyyətləri müstəvisində yanaşılmalı”dır.

Sərvər Şirin


Müəllif:
Загрузка...