Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib.
Dövlətimizin başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Tinatin Xidaşeli ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğuladı.