“Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivində” mövzusunda konfrans keçirilib.
Konfrans Beynəlxalq İnsan Hüquqları gününə, Azərbaycan konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və YUNESKO-nun 70 illiyinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib ki, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” kiçik sənəd olsa da qüvvə etibarı ilə çox güclüdür. Bu sənəddə əsas prinsip ayrı seçkiliyə yol verilməməsi təsdiq olunub.
O qeyd edib ki, hər bir fərdin insan hüquqularının qorunması,təbliği və müdafiəsi öhdəliyini öz üzərinə götürüb.
Ombudsman əlavə edib ki, dinlə bağlı qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha etibarlı təmin olunmasına yönəlib.
Millət vəkili Hadı Rəcəbli qurumun fəaliyyəti haqqında danışıb. Onun sözlərinə görə, ölkədə aparılan sistemli işlərə qeyri-hökumət təşkilatları böyük dəstək verir.
Daha sonra BMT-nin rezident əlaqələndiricisinin müavini Nato Alhazishvili “BMT-nin Davamlı inkişaf məqsədləri gələcəyə yeni çağırışlar kimi”, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi islahatlar elmi-tədqiqat institutunun direktoru Vilayət Vəliyev “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası insan hüquqları kontekstində mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda Ombudsmanın ənənəvi olaraq keçirdiyi “Hüquqlar–hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, mükafatlandırılanlar arasında “Gündəlik Teleqraf ” qəzetinin əməkdaşı da var.