12 Dekabr 2015 13:47
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qərb bölgələrində - Gəncə və Şəkidə daşınmaz əmlak sahəsi üzrə mühüm layihə həyata keçirilir. “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi daşınmaz əmlakla, xüsusilə torpaq sahələri ilə bağlı bütün problemləri həll etməlidir.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Layihə çərçivəsində Gəncə və Şəkidəki daşınmaz əmlakların elektron kadastrı və rəqəmsal kadastr xəritələri yaradılır. Nəticədə daşınmaz əmlakın qeydiyyatı sadələşəcək və indiyədək torpaqlardan istifadəyə mane olan problemlər aradan qalxacaq.

İcra Qrupunun məlumatına görə, 255 min hektar ərazini əhatə edən layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin yayında layihənin yekunlaşdırılması nəzərdə tutulur. Layihə Almaniyanın “KfW” Bankının maliyyə dəstəyi ilə, alman şirkəti tərəfindən həyata keçirilir. Ümumilikdə 155-160 min daşınmaz əmlakın kadastrı hazırlanacaq.

Problemlər nədən ibarətdir?

Bəzi hallarda pay torpaqlarının yeri və sərhədləri dəqiq olmur. Pay torpaqlarının sənədlərində, o cümlədən xəritələrdə göstərilən məlumatlar reallığa uyğun gəlmir. Bəzən torpaq sahələrinin xəritədəki koordinatları ilə reallıqdakı yeri arasında hətta bir neçə kilometr məsafə olur. Bu isə çoxsaylı torpaq mübahisələrinin yaranmasına gətirir, torpaqların sənədləşdirilməsində və istifadəsində çətinlik yaradır.
Kadastr layihəsi bu problemlərin həllinə imkan verəcək.

Layihə çərçivəsində torpaq sahələri ən müasir və dəqiq avadanlıqlarla yenidən ölçülür, ölçmə işlərinin dəqiqliyi 10-20 santimetr arasında dəyişir. Eləcə də pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir, daşınmaz əmlakların sənədləri öyrənilir.
130 mindən artıq pay torpağı ölçülüb

Qeyd edək ki, layihə ərazisi işlərin görülməsi üçün şərti olaraq hissələrə - lotlara bölünüb. İndiyədək iyirmi iki lotun on biri və ya layihə işinin 50 faizi başa çatıb. 131 mindən artıq torpaq sahəsi, 6600-dən artıq obyekt (ümumilikdə 115 000 hektar) artıq ölçülüb, yoxlanılıb və məlumat bazasında saxlanılıb.
3 lotun ölçmə işləri başa çatıb, son yoxlama işi görülüb təhvil verilmə ərəfəsindədir. Daha beş lotun üzərində iş gedir. Geridə qalan 4 lot üzrə tender proseduru layihə planlamasına əsasən başlayıb.

Hazırda Gəncə şəhərində ölçmə işləri şəhərin mərkəzində - Nizami Gəncəvi prospekti, Şeyx Bahəddin, Səbuhi Xasayev, Veteranlar, Hüseyn Cavid, Qənbər Hüseynli küçələri, Gəncə Şəhər İcra Hakimiyyətinin ətrafındakı ətrafındakı ərazilərdə, eləcə də “Yeni Gəncə”ərazisi və Şəhər Dəmiryol Vağzalının ətrafında aparılır.

Şəkidə isə ölçmə işləri rayonun Cəfərabad, Göybulaq, Təpəcənnət, Çolaqlı, Kəhrizoba, Böyük Dəhnə, Kiçik Dəhnə, İbrahimkənd, Fazıl, Aydınbulaq, Əliyar, Aşağı Daşağıl və Baş Küncüt kəndlərini əhatə edir.

Yeni layihənin faydaları

“Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi bir neçə mühüm məsələni həll edəcək. Əvvəla, Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar - onların yeri, koordinatları və ölçüləri tamamilə dəqiqləşəcək və xəritəyə köçürüləcək. Bununla bağlı indiyədək mövcud olan anlaşılmazlıqlar aradan qalxacaq. Nəticədə torpaqların sərhədləri dəqiqləşəcək, mübahisələrə son qoyulacaq, həmin əmlakların qeydiyyatı qat-qat sadələşəcək. Bu isə torpaq sahiblərinə ondan daha səmərəli istifadəyə imkan verəcək.

Bu layihə dövlət qurumlarının və kommunal xidmətlərin də işini yüngülləşdirəcək. Şəhər rəhbərliyi bu məlumatlar sayəsində torpaqlardan istifadəni düzgün planlaşdıra biləcək. Bələdiyyələr isə əmlak vergilərini tam toplayacaqlar.

Daşınmaz əmlak məlumatlarının dəqiqləşməsi həmin obyektlərdən əmlak vergilərinin hesablanmasına və yığılmasına imkan yaradacaq.

Başqa sözlə, “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi təkcə bu bölgələrin deyil, bütün ölkənin kadastr və daşınmaz əmlak sektorunda ciddi dəyişikliklərə səbəb olacaq.


Müəllif:

Oxşar xəbərlər