Onların əsas məqsədi insanları xilas etməkdir. Fövqəladə vəziyyətlərdə xilasetmə işi ilə məşğul olan hər kəs bilir ki, bu, çox riskli peşədir. Əlbəttə, insanların həyatlarını qurtarmaq üçün əvvəlcə xilasedicilər bu peşənin sirlərini öyrənirlər. Gələcəyin xilasedicilərini yetişdirən təhsil mərkəzi Fövqəladə Hallar Nazirliyinin Akademiyasıdır.
Belə bir söz var: Əsl xilasedici üçün sərhəd və millət anlayışı yoxdur. Əgər sən bu sənəti seçmisənsə, qarşında bir məqsəd var - insan həyatını qurtarmaq. Biz də insanlara yenidən həyat bəxş edənlərin bu peşəni necə öyrəndikləriylə tanış olmaq üçün Fövqəladə Hallar Nazirliyinin Akademiyası üz tutduq.
Azərbaycan Prezidenti İlham Əliyev 2 iyun 2008-ci il tarixində “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında” sərəncam imzalayıb, 2009-cu il 10 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nizamnaməsini təsdiq edib.
“Bundan böyük sevinc ola bilməz”
Biz qədəm qoyanda Akademiyada dərs prosesi gedirdi. “İlkin tibbi hazırlıq” dərsində kursantlara praktiki vərdişlər öyrədilirdi.
Dərsi tədris edən Akademiyanın tibb məntəqə rəisi, kapitan Afaq Hüseynova deyir ki, əsas məqsəd əhaliyə ilkin tibbi yardım göstərməyi, özünün və ətrafdakıların təhlükəsizliyini təmin etməyi, xəsarətdən qorunmağı kursantlarımıza öyrətməkdir: “Vaxtında düzgün göstərilən ilk tibbi yardım zədələnmiş insanın həyatını xilas edə bilər. Xilasetmə işlərinin təşkili və uşaqlara yardım zamanı bir çox faktorları bilmək vacibdir. Ekstremal şəraitdə uşaqlarda öz-özünə və ya qarşılıqlı tibbi yardım göstərmək anlayışı yoxdur, buna görə də xilasedicilər və tibb işçiləri tərəfindən ilk tibbi yardım birinci növbədə uşaqlara göstərilməlidir. Uşaqların zədə ocaqlarından çıxarılması və təxliyəsi yaxşı olar ki, qohumlarının müşayiəti ilə həyata keçirilsin. Beş yaşına qədərki uşaqların vəziyyəti imkan verirsə, onlar zədənin vokalizasiyasından və xarakterindən asılı olaraq zədələnmə ocağından mütləq əldə çıxarılmalıdır. Balaca uşaqlar çox həssasdırlar, sizin inamsızlığınızı dərhal hiss edə bilərlər. Zədələnən uşağın etibarını qazanmağa çalışın”.
Kursant İbrahimli İbrahim deyir ki, onların öyrəndikləri peşə insanların xilasına xidmət edir: “Bu peşə həm şərəfli, həm də məsuliyyətlidir. Bədbəxt hadisələr müxtəlif yerdə baş verə bilər. Həyat üçün ən təhlükəli hal tənəffüsün və ürəyin qəfləti dayanmasıdır. Akademiyada əsas ilkin tibbi yardımı öyrənirik. Müəyyən təhlükəsizlik qaydalarını diqqətlə və səhvsiz öyrənib gələcəkdə insan həyatını xilas etməliyik. Məncə, həyatda bir insanı xilas etməkdən böyük sevinc ola bilməz”.
Təhsil, yataqxana, hərbi rütbə və iş...
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov deyir ki, Akademiya Azərbaycanın ən gənc təhsil sistemlərindən biridir: “Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədi ilə inşa olunub. Akademiyamız 7-ci ildir öz fəaliyyətini davam etdirir. Bu illər ərzində 3 məzun buraxılışı olub. 395 nəfər məzun həyata vəsiqə alıb.
Bilirsiniz ki, Akademiya bakalavr təhsili verir. Boloniya sisteminə uyğun olaraq təhsil yüksək səviyyədə davam etdirilir. Kursantlar həm də Akademiya ərazisində yataqxana ilə təmin olunublar. Onlar hərbi təlimi burda keçir və buranı bitirdikdən sonra həm hərbi rütbə, həm də xüsusi rütbə almaqla yanaşı, Fövqəladə Hallar Nazirliyinin fakültələrinə uyğun vəzifəyə təyin olunurlar.
Biz eyni zamanda çalışırıq ki, Akademiyanın bazasını möhkəmləndirək. Burda təhsil almaq üçün əvvəlcə sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar TQDK tərəfindən keçirilən test imtahanlarında iştirak edərək 1-ci qrupa imtahan verirlər. Daha sonra TQDK imtahandan uğurla keçənlərin siyahısını bizə təqdim edir.
İlk qəbul ili 100 nəfər Yanğın təhlükəsizliyi və fövqəladə hallar, 100 nəfər isə Həyat fəaliyyətinin təhlükəsizliyi fakültələrinə daxil oldular. İlk dəfə ötən il 5 nəfər məzunumuz Akademiyanın magistraturasına qəbul edildi".
Dövlətə sədaqətli vətəndaşlar yetişdirmək
Akademiyanın strukturuna Həyat fəaliyyətinin təhlükəsizliyi, Yanğın təhlükəsizliyi, Əlavə təhsilin təşkili fakültələri və altı kafedra daxildir. Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, linqafon və xüsusi fənn kabinetləri, yanğın təlim hissəsi, qayaya dırmanma alpinst qurğusu, avtomobil hazırlığı üçün xüsusi trenajorları olan kabinet, dalğıc hazırlığı auditoriyası kursantların istifadəsinə verilib.
FHN Akademiyasında təhsil mühitinin yüksək səviyyədə təmin olunduğunu bildirən Pənah Süleymanovun sözlərinə görə, ixtisaslı mütəxəssislər hazırlamaqla yanaşı amalımız dövlətə, dövlətçiliyə sədaqətli vətəndaşlar yetişdirməkdir: “Bunun üçün də kursantlarımıza diqqət və qayğını artırmışıq. Çünki vətəninə sədaqətli kursantın dərsə, peşəsinə münasibəti də yaxşı olur.
Akademiyada Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Ulu öndərin zəngin irsinin əks olunduğu mərkəzdə geniş ekspozisiya kataloqu və fotoguşələr akademiyanın kursantlarına göstərilir. Millət vəkilləri vaxtaşırı gəlib kursantlara vətənpərvərlik haqqında dərslər keçirlər. Yaxın günlərdə Akademiyamızda “Azərbaycan multikulturalizmi” fənni ilə bağlı məlumat verilib.
Buraxılış ərəfəsində isə kursantlarımızı Şəhidlər Xiyabanına, Bayraq Meydanına aparılır, ulu öndərin məzarı ziyarət olunur.
2013-ci ilin dekabrında bizim inzibati binanın açılışı oldu. Prezident İlham Əliyev gələcəkdə burada regional mərkəz yaratmağın vacib olduğunu bildirdi".
FHN-nin Akademiyasında təhsil müddəti 4 ildir. Akademiyaya qəbul olunan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar. Tədris Azərbaycan dilindədir.
Ailəli kursantlara güzəşt var
Rəisin sözlərinə görə, FHN Akademiyasına müxtəlif ölkələrdən müraciət gəlir: “Peşəkar mütəxəssis hazırlayan və müvafiq sertifikat verən kursların yaradılması haqda düşünürük. Əcnəbi tələbələr həmin kurslara müraciət edib, təcrübə toplaya biləcəklər.
Akademiyaya xanımlar da sənəd verə bilər. Hazırda Akademiyamızda iki xanım tələb var, magistr təhsili alırlar. Bizim kursantlar real hadisələrdə təcrübə prosesində iştirak edirlər. 2010-cu ilin may və iyun aylarında Kür və Araz çaylarında baş vermiş daşqınlarla əlaqədar məzun buraxılışlarımız təbii fəlakət zonasına yollandılar. Biz çalışırıq ki, hər hansı hadisə baş verdikdə məzun və tələbələrimiz öyrətdiklərimizi tətbiq edə bilsinlər.
Bizim kursantlar arasında ailəlilər də var. Onlar üçün güzəştlər nəzərdə tutulur. Cümə günü dərsdən sonra onları öz ailələrini görmək üçün icazə veririk. Hər ailə kiçik bir cəmiyyətdir. Bu cəmiyyəti yaşatmaq bizim borcumuzdur".
“Telefonsuz çətin olsa da...”
Akademiyada qazdan, tüstüdən mühafizə yollarını öyrədən ayrıca fənn var. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Qazdan, tüstüdən mühafizə xidmət təliminin rəhbər köməkçisi Rusif Məmmədov deyir ki, kursantlara tüstülənmə zonası kimi təhlükəli şəraitdə özlərini necə aparmalı olduğlarını izah edirik: “Təhlükə zamanı hansı maneələrlə qarşılaşa biləcəklərini onlara başa salırıq. Təhlükəli şəraitdə özlərini itirməməlidirlər. Üç nəfərdən az olmamaq şərti ilə manqa şəklində hərəkət etməlidirlər. İxtisas kursu 4-cü kursda olduğu üçün praktiki dərslər keçirilir”.
Kursant İbrahimli Cavid deyir ki, burada təhsil almasına səbəb ailəsində bu sahə üzrə çalışanların olmasıdır: “2012-ci ildən burada Yanğın təhlükəsizliyi fakültəsində təhsil alıram. Bizim nəsildə bu sahədə işləyən kifayət qədər adam var. Bu səbəbdən mən də bu Akademiyanı seçdim.
Korpuslarda taksafon telefonlar quraşdırılıb. Həmin telefonlarla ailəmizə zəng edib əlaqə saxlayırıq. Çalışırıq ki, müəllimlərin tədris etdiyini yüksək səviyyədə mənimsəyək. Başa düşməyəndə, çətinliklə üzləşəndə təkrar suallar veririk. Çünki öyrəndiklərimizi realda tətbiq edəcəyik.
Akademiyanın üstünlükləri çoxdur. Akademiyada həm təhsil alırsan, həm də məzun olduqda həmin sahə üzrə işlə təmin olursan. Düşünürəm ki, bu da müsbət haldır".
Fövqəladə Hallar Nazirliyinin Akademiyası altı mərtəbəlidir.İnzibati binanın ümumi ərazisi 4 hektardır.
Qəza xilasetmə hazırlığı fənnini tədris edən Xalid Həsənovun sözlərinə görə, kursantlara ilkin olaraq bütün avtomobil konstruksiyaları, daha sonra xilasetmə əməlliyatı öyrədilir: “Auditoriyada təhciz olunmuş xilasetmə avadanlıqları vasitəsi ilə kursantlarımıza xilas əməliyyatını praktiki olaraq keçirik”.
Fövqəladə hallar orqanlarını peşəkar mütəxəssislərlə təmin etmək baxımından mühüm rol oynayan Akademiya heyəti ilə bir günlük görüşün sonunda onlara bu qürurverici işdə uğurlar arzulayıb redaksiyamıza qayıtdıq.
İlhamə Əbülfət