Fevralın 14-də Azərbaycan Televiziyasının (AzTV) 60 yaşı tamam olur.
Axşam.az-ın məlumatına görə, ölkənin efir məkanında parlayan ilk ulduz kimi yaddaşlara yazılan milli televiziya Azərbaycan Radiosundan 30 il sonra – 1956-cı ildə fəaliyyətə başlayıb. AzTV yarandığı vaxtdan ətrafına böyük tamaşaçı auditoriyası toplaya bilib, sanballı, cəlbedici verilişləri ilə insanların rəğbətini qazanıb. Televiziyanın tarixinə nəzər saldıqda onun bu illər ərzində keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar kino lenti kimi göz önündə canlanır.
Azərbaycan Televiziyasının ilk efir gününü xatırlayanlar o həyəcanı yenidən yaşayırlar. Lakin kadrarxası proseslərdən yəqin ki, çoxlarının xəbəri olmayıb. Televiziyamızın tarixçəsi də onun özü qədər əhəmiyyətli, diqqəti çəkəndir. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Bina üçün şəhərin ən hündür məkanlarından birində yer seçilib. Sonradan bu ünvan Mehdi Hüseyn, 1 adlanıb. İnşaatçı və mütəxəssislərimizin rusiyalı həmkarları ilə birgə ərsəyə gətirdikləri telemərkəz 1955-ci ilin sonunda təhvil verilib.
Hamının böyük səbirsizliklə gözlədiyi ilk veriliş günü “mavi ekran”da gənc aktrisa Nəcibə Məlikova görünüb. Onun dilində səslənən “Göstərir Bakı!” sözləri ilə Azərbaycanın efir məkanında ilk ulduzun doğulduğu bəyan olunub. Nəcibə xanım tamaşaçıları milli televiziyamızın fəaliyyətə başlaması münasibətilə təbrik edib və bunun ardınca efirdə “Bəxtiyar” bədii filmi nümayiş olunub.
Azərbaycan Televiziyası mürəkkəb və şərəfli inkişaf yolu keçib. Fəaliyyətinin ilk mərhələsində televiziya sahəsində mütəxəssislər olmadığından, burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilib. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə iki saatlıq proqramla efirə çıxıb. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmadığı üçün studiya əsasən retranslyator kimi fəaliyyət göstərib. Seçim də zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən qısa xəbərlər oxuyub. Televiziyada ilk diktorlar 1956-cı ilin mayında görünməyə başlayıblar. Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Rəna Nəsirova, Sima Xasıyeva, Nizami Məmmədov və başqaları “mavi ekran”da tamaşaçılarla ünsiyyət yaradıblar. Sonradan televiziyada yeni diktorlar nəsli meydana gəlib. Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov kimi istedadlı diktorlar yetişib.
1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib və həmin ilin martından fəaliyyətini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi davam etdirir.