16 fevral 2016-cı ildə Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili və fransız dili), Pedaqoji (ingilis dili və alman dili), Filologiya və Jurnalistika fakültəsinin 2015-2016-cı tədris ilində Bakalavr ali təhsil pilləsinin əyani şöbəsinin IV kurs, qiyabi şöbəsinin V kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan konfrans keçirilib.
Universitetdən Teleqraf.com-a verilən məlumata görə, ADU-nun rektoru vəzifəsini icra edən Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin həyatlarında əlamətdar hadisə olduğunu söyləyib, təhsil aldıqları müddətdə əldə etdikləri biliklərin pedaqoji təcrübədə tətbiq etmək, möhkəmləndirmək zamanının gəldiyini deyən professor pedaqoji təcrübədə tələbələrin davamiyyət, nizam-intizam məsələlərinə toxunub.
Universitet üzrə Pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov çıxışında təcrübənin mahiyyətindən və qaydalarından, eyni zamanda təcrübənin təşkili ilə bağlı məsələlərdən, pedaqoji təcrübəyə ayrılan saatlardan danışıb. Orta məktəblərin daxili nizam-intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğulayan pedaqoji təcrübə rəhbəri pedaqoji təcrübənin səmərəli aparılması, yaxşı nəticələrin əldə olunmasının bu işə cəlb olunanların ciddi və məsuliyyətli münasibətindən asılı olduğunu söyləyib. Metodist, pedaqoq və psixoloqun məktəbdə əlaqəli-koordinasiyalı işinin təşkilini nəzərə çatdıran Məmməd İsmayılov təcrübəçi tələbələrin təhkim olunduqları məktəbdə keçirilən tədbirlərdə iştirakı, eyni zamanda onların da tədbirlərin təşkili ilə bağlı təşəbbüslərin zəruriliyindən danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, Pedaqoji (ingilis dili və fransız dili) fakültədən ümumilikdə 789 nəfər tələbə, Pedaqoji (ingilis dili və alman dili) fakültədən əyani şöbədə 18 nəfər, qiyabi şöbədə isə 47 nəfər tələbə, Filologiya və Jurnalistika fakültəsindən ümumilikdə 89 nəfər tələbə pedaqoji təcrübədə iştirak edəcəklər.
Təcrübə əyani şöbədə 2016-cı ilin fevralın 16-dan mayın 24-dək olan tarixləri əhatə etməklə 14, qiyabi şöbədə 2016-cı ilin fevralın 16-dan martın 28-dək olan tarixləri əhatə etməklə 5 həftə davam edəcək. Pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 60 orta ümumtəhsil məktəblərində təcrübə keçəcəklər.
SEVİL