Fevralın 18-də Salyan rayonunun Yeni Uluxanlı kəndinə təbii qazın verilişi bərpa edilib.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 225 abonenti olan Yeni Uluxanlı kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 24 231 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.