AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 2015-ci il üzrə yekun hesabat yığıncağı keçirilib. AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, şura ötən müddətdə elmi-ictimai fəaliyyəti ilə akademiyanın həyatında mühüm rol oynayan təşkilatlanmış bir quruma çevrilib.
Akademik GAMŞ-ın təşkilatçılığı ilə keçirilən "Akademik Elm Həftəliyi - 2015" Beynəlxalq Multidissiplinar Forumun əhəmiyyətini diqqətə çatdırıb. Elmlə istehsalatın inteqrasiyasına xidmət edən interaktiv müzakirələrin əhəmiyyətindən danışan akademik bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi tövsiyə edib.
Sonra GAMŞ-ın sədri Famin Salmanov hesabat məruzəsini təqdim edib. O, rəhbərlik etdiyi qurumun AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunan illik Fəaliyyət Planına uyğun elmi-ictimai fəaliyyət göstərdiyini vurğulayan şura sədri bu dəfə də ənənəviçilikdən kənara çıxaraq qeyri-ənənəvi layihələrə üstünlük verildiyini söyləyib.
Bildirib ki, ilk dəfə olaraq AMEA-nın müvafiq institutlarında magistraturaya qəbul müsabiqəsinə hazırlıqlı gənclərin cəlb olunmasını təmin etmək üçün ali təhsil ocaqlarında yer və kimya elmləri üzrə təşkil olunan seminarlar AMEA-da yeni yaradılan magistratura ixtisaslarına marağın artmasında böyük rol oynayıb.
Sədr onu da vurğulayıb ki, AMEA institutlarının həyata keçirdiyi elmi tədqiqatlar və əldə olunan nailiyətlərin geniş ictimayyətə çatdırılmasında, eyni zamanda, gələcəyin alimi olan istedadlı şagirdlərdə elmə maraq formalaşdırılmasında əsas vasitələrdən biri də AMEA-nın institut və təşkilatlarında “Açıq qapı” günlərinin təşkil edilməsidir. Artıq şura tərəfindən bir sıra institutlarda belə tədbirlərə start verilib.
GAMŞ sədri ötən il həyata keçirilən elmi tədbirlər sırasında olimpiyada və bilik yarışlarının da olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə İsmayıllıda "Riyazi məntiq" olimpiyadası təşkil olunub, şəhər və ucqar kənd məktəblərinin yarışda iştirakı diqqətə layiqdir. Belə olimpiyadaların digər regionlarda da keçirilməsi nəzərdə tutulur.
Famin Salmanov 2015-ci ildə şura tərəfindən 2 beynəlxalq, 2 ümumrespublika konfransının, o cümlədən yubiley və anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb.
SEVİL