Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Müdriklik dərsləri” silsiləsindən olan kitablarından ikinci hissəsi çapdan çıxıb.
Teleqraf.com-un məlumatına görə, kitabda həyat dərslərinə, insan münasibətlərinə aid olan 300 hekayət yerləşdirilib. Onların bir hissəsi müvafiq ədəbiyyat və internet resurslarından götürülüb, bir hissəsi isə müəllifin həyat təcrübəsindən misallardır. Hekayətlər son iki ilə ərzində mütəmadi olaraq müəllifin Feysbuk profilində verilib. Birinci hissədən fərqli olaraq bu nəşrdə hər hekayətə əlavə kimi Feysbukda verilən şərhlər müəllifin ad-soyadı göstərilməklə verilib.
A.Mirzəzadə qeyd edib ki, kitabın ön sözünün müəllifi birinci hissədə olduğu kimi Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədi Fəttah Heydərovdur: “Kitabın tirajı 500 ədəddir, kitab “Azərbaycan” Nəşriyyatında nəşr edilib. Sponsoru adının çəkilməsini istəməyən tanınmış iş adamlarından biridir. Kitabın bir hissəsi dövlət və universitet kitabxanalarına veriləcək, eyni zamanda kitab mağazalarında satışda da olacaq. Kitabın yaxın günlərdə təqdimatının keçirilməsi nəzərdə tutulur. Kitabın üz səhifəsində 1953-cü ildə ata nənəmim, valideynlərimin, əmilərimin və o zaman yaşyarım olan böyük qardaşımın birlikdə çəkilmiş ailə şəkli verilib”.
Müəllif bildirib ki, kitabın növbəti, üçüncü hissəsi 2018-ci ilin fevral-mart aylarında çıxacaq.
Qeyd edək ki, “Müdriklik dərsləri. II hissə” kitabı A.Mirzəzadənin ümumilikdə doqquzuncu kitabıdır. Kitab martın 28-dən Fəvvarələr bağında yerləşən Prezident Kitabxanasının kitab mağazasında, “Akademkitab”da və Park Bulvarda yerləşən kitab mağazasında satılacaq.
Kitabın təqdimatı və imza günü barədə əlavə məlumat veriləcək.
Səxavət