Bakı Metropoliteninin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları bu ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.
Bu barədə Teleqraf.com-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, hazırda hər iki stansiyada avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir.
Qeyd edək ki, “Memar Əcəmi-2” stansiyanın 3 giriş-çıxışı var. Burada əlillər üçün 2 lift quraşdırılır. Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılır. “Memar Əcəmi-2”də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayının 17 olması planlaşdırılır.
Nəsimi Paşayev qeyd edib ki, tikinti işləri qrafikə uyğun aparılır: “Hər iki stansiyanın açılışı eyni vaxtda planlaşdırılır. Yenı stansiyalarda fiziki qüsurlu insanların rahatlığı üçün liftlər quraşdırılıb. Rabitə, işarəvermə, elektrik və havalandırma işləri yekunlaşandan sonra stansiyaların açılışını etmək olar”.
“Memar Əcəmi” metrostansiyasının əsas giriş-çıxışı 2013-cü ilin aprel ayından bağlanıb.
Naibə QURBANOVA