Təhsil nazirinin əmrinə əsasən müəllimlərin rayondaxili yerdəyişməsi prosesinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, nazir Mikayıl Cabbarovun ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi barədə imzaladığı əmrinə görə, müəllimlərin rayon (şəhər) daxili yerdəyişməsini həyata keçirmək yerli təhsili idarəetmə orqanlarına tapşırılıb.
Yerli təhsili idarəetmə orqanlarına həmçinin vakant yerlər barədə məlumatların mayın 22-ə kimi proqram təminatına daxil edilməsini təmin etmək göstərişi də verilib.
Qaydalara görə, müəssisələrdə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində dəyişdirilməsi hər iki müəssisə rəhbərinin rəyi əsasında tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
May ayının 1-dən başlayan yerdəyişmə prosesi ayın 10-a qədər davam edəcək.
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi də təsdiqlənib.
Komissiyanın sədri Aparat rəhbərinin müavini Fərzəli Qədirov, komissiyanın üzvləri insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov, daxili təhlükəsizlik sektorunun müdiri Nicat Quliyevdir.
İlhamə ƏBÜLFƏT