Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İİR vətəndaşının idarə etdiyi sərnişin avtobusuna "Nina" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı 13-14 nömrəli oturacaqların arasından gömrük nəzarətindən gizlədilən, üzərində heç bir yazı olmayan 1 ədəd plastik qabda 100 ml həcmində "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxil olan metadon məhlulu aşkar olunub.
Yoxlama zamanı avtobusun sərnişini olan digər İran İslam Respublikası vətəndaşının əl çantasından isə 56 ədəd həbdən ibarət "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixatrop maddələr"in III Siyahısına daxil olan "Diazepam", 229 ədəd həbdən ibarət eyni Siyahıya daxil olan "Klonazepam" adlı dərman preparatları aşkar edilərək götürülüb.
Qeyd edək ki, 100 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,1 qram, 56 ədəd həbdə diazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,112 qram, 229 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,458 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.