Bakı Apelyasiya Məhkəməsində qaynını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ağakişi Hüseynovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə 2015-ci ilin iyul ayında Qobustan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ağakişi Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə onu öldürməyə cəhd edib.
Bəxtiyar Mahmudov ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağakişi Hüseynov tutulub.
O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağakişi Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.
Bakı Apelyasiya Məhkəməsində ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.
Hacı Zeynalov