Bu il iyunun 12-də Bakı şəhər sakini Nizami Əlizadə quldurluqla üzləşdiyi barədə polisə şikayət verib.
Teleqraf.com xəbər verir ki, hadisə gecə saat 2 radələrində baş verib.
1945-ci il təvəllüdlü Bakı sakini Nizami Əlizadə Daxili İşlər Nazirliynin 102 xidmətinə məlumat verib ki, M.Hüseyn küçəsində tanımadığı 3 nəfər ona hücum edib. Naməlum şəxslər 71 yaşlı kişini döyüb yerə yıxaraq cibindəki 350 manatı götürüb qaçıblar.
Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi və Səbailin 9-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami Əlizadənin pulunu quldurcasına almış paytaxt sakinləri Fuad Babayev və Murad Vəliyev tutulub.
Bu quldurluq cinayətində Murad Vəliyevin günahının olmadığı iddia olunur. Onun vəkili Səlahəddin Cəfərov Teleqraf.com-a bildirib ki, Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Emil Abdullayevin icraatında olan cinayət işi üzrə müdafiə etdiyi Murad Vəliyevə Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq) maddəsi ilə ittiham verilib: “Amma iş materiallarından da görünür ki, ittiham qanunsuz və əsassızdır. İrəli sürülmüş ittiham ağır dərəcədə sərxoş olan şəxs tərəfindən verilmiş yanlış məlumata, həmçinin sübutu olmayan fərziyyələrə əsaslanıb.
Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulub. Hüquqlarını müdafiə etdiyim Murad Vəliyevin ifadəsindən görünür ki, həmin gün axşam saatlarında Murad evlərinə yaxın yerdə kafedə oturduğu zamanı içəriyə yaşlı sərxoş kişi girib və ayağı maneəyə ilişdiyindən yıxılıb. Muradla bir masada əyləşən Fuad ona yardım ediblər. Sonradan həmin kişi Muradla Fuadın olduğu masada əyləşib”.
Vəkilin sözlərinə görə, həmin dövr ərzində Nizami Əlizadə dəfələrlə yıxılıb, çünki möhkəm sərxoş olub: “Nizami Əlizadə həm dövlət, həm də ölkəmizin keçmiş rəhbəri barəsində nalayiq ifadələr işlətdiyindən Murad onunla bir masada əyləşmək istəməyib. Nizami Əlizadə onlara bildirib ki, oğlu prokurorluqda yüksək vəzifədə işləyir.
Murad Vəliyev saat 1 radələrində kafedən çıxarkən həmin kişi onların masasının pulunu ödəyib. Lakin kişinin cibindəki pulun məbləğindən Muradın xəbəri belə olmayib. Təbii ki, Nizami Əlizadə möhkəm sərxoş olduğundan yıxılmasın deyə Fuad onu aşağıyadək aparıb və sonra qayıdıb”.
Səlahəddin Cəfərov bildirib ki, Murad Vəliyev həmin gün heç kimlə mübahisə etməyib, heç kimə qarşı hər hansı cinayət xarakterli hərəkətə yol verməyib: “Belə olan halda, Murad Vəliyev ağır dərəcəli həmin sərxoş şəxsə qarşı niyə və necə quldurluq edib? Həmin vaxt ətrafda adam olmayıbmı? Necə ola bilər ki, quldur cinayəti ictimai yerdə törədir, ətrafdakıların isə heç bir reaksiya vermir? Kimsə polisə xəbər vermir, yalnız ağır sərxoş olan, ağzının danışığını bilməyən şəxs uzun müddət sonra polisə şikayətə gedir”.
Vəkilin dediyinə görə, müdafiə etdiyi təqsirləndirilən Murad Vəliyev polisə özü gedib: “Belə olan halda “zərərçəkmiş”in Daxili İşlər Nazirliyinin “102-zəng” xidmətinə vermiş olduğu şikayət də kimin tərəfindən edildiyi sual doğurur. Həmin şikayətdə Nizami Əlizadənin 350 manat pulunun, markası bilinməyən mobil telefonunun əlindən alınması qeyd edilsə də, nədənsə həmin şəxsin hansı paltarla yerə yıxıldığı, yıxılmanın izləri, həmçinin telefonun aqibəti hələ ki araşdırılmamış qalmaqdadır”.
Səlahəddin Cəfərovun bildirdiyinə görə, faktiki heç bir sübut olmadan Murad Vəliyevə ittiham irəli sürülüb: “Kafedə olanlar dindirilmədən, zərərçəkmiş şəxs ekspertizadan keçirilmədən, yalnız zərərçəkənin müraciəti əsasında quldurluq maddəsi ilə ittiham verilir. “Cinayətin” baş verdiyi yerdə təhlükəsizlik və müşahidə kameraları varmı, yoxlanılıbmı? Bu suallara da istintaq orqanı aydınlıq gətirmir”.
Cinayət işinin istintaqını aparan müstəntiq Emil Abdullayevlə əlaqə saxladıq. Müstəntiq bildirdi ki, Murad Vəliyevə quldurluqla bağlı ittiham verilib: “Əgər ittiham verilibsə, düzgündür. İş üzrə istintaq tədbirləri davam etdirilir”.
Hacı Zeynalov