Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılır. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı iyulun 22-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Baxışov 14 il, Ruslan Cəfərov 14 il, Eldost Quliyev 13 il, Məməmmədşah Məmmədəliyev 13 il, Əhməd Həsənov 14 il, Maarif Mərdanov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
İttihama görə, təqsirləndirilən şəxslər BMT-nin terror təşkilatı elan etdiyi İraq Şam İslam Şam Dövlətinin (İŞİD) qanunsuz silahlı birləşmələrində iştirak etmək üçün Suriya Ərəb Respublikasına gediblər. Onlar Gürcüstan ərazisindən Türkiyənin Hatay vilayətinə gəliblər.
Hatay vilayətindən də Suriyaya keçib qanunsuz hərbi birləşmələrə qoşulublar. Orada insanların sağlamlığının pozulması, kütləvi qırğınlarla nəticələnən partlayışlar hazırlayıblar. Lakin iradələrindən asılı olmayaraq cinayəti başa çatdıra bilməyiblər.
İttihamda təqsirləndirilən şəxslərin məcburən Suriya ərazisindən çıxarıldığı vurğulanır. Türkiyə ərazisindən Azərbaycana gəldikləri, müxtəlif vaxtlarda Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbsə alındıqları göstərilir.
Hacı Zeynalov