Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nigar Yəhyayeva ifadə verib. O bildirib ki, yanğın vaxtı yaşadığı evdə olub: "Bizim ev 14-cü mərtəbədədir. Mən mətbəxdə olduğum vaxt tüstü hiss etdim. Elə bildim ki, kimsə yemək yandırıb. Bloka çıxanda 13-cü mərtəbədəki qadın qışqırdı ki, bina yanır. Tez evə gələrək yanğınsöndürənə zəng vurdum. Dedilər ki, xəbərimiz var, yanğınsöndürənlər gəlir. Sonra uşaqları götürərək evdən çıxmaq istədim. Amma tüstü olduğu üçün həyətə düşə bilmədim. Ən axırda bizi xilas etdilər".
Digər zərərçəkmiş Ləman Xudiyeva bildirib ki, hadisə vaxtı evlərində heç kim olmayıb: "Həmin vaxt işdə olmuşam. Bizə ziyan dəyib, həmin ziyanın təqsirləndirilən şəxslərdən ödənilməsini istəyirəm".
Zərərçəkmiş Aleksiya Lenya bildirib ki, binanın 8-ci mərtəbəsində yaşayıb, yanğının başlamasını görməyib: "Binada partlayış səsi eşitməmişəm. Mənim evimin pəncərəsi açıq idi. Bina 2 dəqiqəyə alışdı. Binadan çıxmaq istədim. Amma tüstüdən çıxa bilmədim".
Zərərçəkmiş Lətafət Hüseynovanın sözlərinə görə, mənzili binanın 5-ci mərtəbəsində olub: “Həmin vaxt mənzil boş idi. Mən həmin binaya yaxın olan "Avrasiya" klinikasında idim. Oğlum əməliyyat olunurdu. Bu zaman səs gəldi. Bildirdilər ki, bizim bina yanır. Binanın yandığını görəndə huşumu itirdim. Özümə gələndə binanın alışdığını gördüm".
Hilal İsmayılov bildirib ki, hadisə vaxtı özü binada yaşamayıb: "Mənzili Amil Səlimova kirayə vermişəm. Həmin vaxt evdə olublar. Şükür Allaha, salamatçılıq olub. Heç kimə qarşı şikayətim yoxdur".
Zərərçəkmiş Səbahəddin Əliyev qeyd edib ki, binanın yaxınlığında iş yeri olub: "Bu zaman kömək etməyə getdim. 2-ci mərtəbəyə qalxdım. Tüstüdən çıxa bilmirdim. Geri qayıdanda yıxıldım, ayağımı şüşə kəsdi. İşsiz qalmışam. Borc edib dolanmışam. Fəhlə idim. Günə 20 manat alırdım. Heç kim mənə köməklik etməyib. Günümə 20 manat istəyirəm".
Zərərçəkmiş Səfurə Mazanova bildirib ki, mənzili 11-ci mərtəbədə olub: "Həmin binada bacım da yaşayırdı. Bacım mənə zəng vurdu və bildirdi ki, hardasan. Dedim ki, işdən gəlmişəm, evdə yatıram. Bacım binanın yandığını, aşağı düşməyimi dedi. Mən də aşağı düşdüm. Evimiz yanıb, həyətdə maşınımıza ziyan dəyib. Siqareti yandırıb, aşağı atırdılar. Bu da yanğına səbəb ola bilərdi. Mən bunu həmişə deyirdim".
Səfurə Mazanova bildirib ki, hadisə zamanı özünü binadan atan Yaşar Nəcəfzadəni tanımayıb: "Bilirdim ki, bizim binada yaşayır. Bura gələnlərin çoxunu orada heç vaxt görməmişəm. Onları da tanımamışam".
Polis əməkdaşı Şahin Qocayev bildirib ki, Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsinə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: "Biz də hadisə yerinə yollandıq. Orada xilasetmə işləri ilə məşğul olmuşam. Binadan özünü atan oğlanın meyitini birinci biz gördük. Meyitin başı partlamışdı. Üstünə mələfə örtdük ki, görünməsin. Sonra üç nəfəri xilas etdik. Dördüncü şəxsi xilas edəndə özüm də xəsarət aldım. Sonra məni xəstəxanaya apardılar".
Şahin Qocayev qeyd edib ki, təxminən yarım saat xilasetmə işləri ilə məşğul olub: "Orada vəziyyət qarışıq idi. Buna görə də nəyisə dəqiqliklə yadda saxlamaq mümkün deyil".
Proses avqustun 9-da davam edəcək.
Hacı Zeynalov