Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Oqtay Vəliyev ifadə verib.
Oqtay Vəliyev ona dəymiş ziyanın yenidən hesablanması üçün məhkəməyə mütəxəssis dəvət olunması barədə vəsatət verib.
Zərərçəkmiş məhkəməyə mülki iddia təqdim edib. Bildirib ki, yanğından sonra özü və gəlini zərərçəkmiş kimi tanınıb. Ona 28 min, gəlininə isə 40 min manat ziyan dəydiyi istintaq sənədləri ilə hesablanıb. O, bu hesablama ilə razı olmadığını deyib.
Məhkəmə dəymiş ziyanın yenidən hesablanması ilə bağlı vəsatəti təmin etməyib. Amma zərərçəkmişin mülki iddiasan yekun qərarda qiymət veriləcəyi açıqlanıb.
Daha sonra prosesdə 11 nəfər zərərçəkmiş ifadə verib.
Növbəti məhkəmə prosesi avqustun 30-da davam edəcək.
Qeyd edək ki, iyulun 19-a təyin edilmiş proses təqsirləndirilən şəxs Nüsrət Muxtarovun vəfat etməsi ilə bağlı baş tutmamışdı. Buna səbəb Nüsrət Muxtarovun cinayət işi üzrə hüquqi varisinin müəyyən edilməsi ilə bağlı olub. Hüquqi varis Nüsrət Muxtarov tərəfindən ödənilməli olan dəymiş ziyanı qarşılayacaq.
Nüsrət Muxtarov iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib. İyulun 26-da keçirilən prosesdə dünyasını dəyişən Nüsrət Muxtarovun oğlu Asif Muxtarov onun hüquqi varisi kimi tanınıb.
İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.
Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.
Hacı Zeynalov