Azərbaycan sərhədçiləri növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısını alıb.
Dövlət Sərhəd Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahədə İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyənləşdirilərək saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində həyata keçirilən tədbirlər nəticəsində qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanılıblar.
Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstərən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıblar.
Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlama-da 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İlhamə ƏBÜLFƏT